Gürcüstan Patriarxlığında bu gün Müqəddəs Sinodun iclası keçiriləcək. Saat 12:00-da başlayacaq iclasda sinod üzvləri Gürcüstanın Katolikos-Patriarxı vəzifəsinə üç namizədi seçəcəklər.
Gürcüstanın Katolikos-Patriarxı vəzifəsinə namizəd aşağıdakı tələblərə cavab verməlidir: etnik gürcü olmalı, Gürcü Pravoslav Kilsəsinin yepiskopu olmalı, ilahiyyat təhsili və kilsə idarəçiliyində kifayət qədər təcrübəyə malik olmalı, yaşı ən azı 40, ən çoxu 70 olmalı və rahib olmalıdır.
Sinodun hər bir üzvünün bir namizəd irəli sürmək hüququ var, o cümlədən öz namizədliyini də təqdim edə bilər.
Sinodda ən çox səs toplayan üç yepiskop genişləndirilmiş yığıncaqda patriarxlığa namizəd kimi iştirak edəcək.
Əgər yığıncaqda heç bir namizəd səslərin yarıdan çoxunu qazana bilməzsə, ikinci səsvermə keçirilir. Bu mərhələdə ilk səsvermədə ən çox səs toplamış iki namizəd iştirak edir.
Genişləndirilmiş yığıncaqda Katolikos-Patriarxın seçilməsi üzrə səsvermədə yalnız yepiskoplar iştirak edir. İştirak edən yepiskopların səslərinin yarıdan çoxunu qazanan namizəd seçilmiş hesab olunur.
Bununla yanaşı, genişləndirilmiş yığıncağın çağırılma tarixi kilsənin idarəetmə qaydalarına əsasən müəyyən edilir – yığıncaq patriarxın vəfatından 40 gün sonra, lakin iki aydan gec olmayaraq keçirilməlidir.
Yığıncağın keçirilmə tarixini Sinod bu gün müəyyən etməlidir.