Şida Kartlidə qida mənşəli botulizm hadisəsi aşkarlanıb.
Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.
“Mayın 20-də Milli Qida Agentliyinə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən Şida Kartlidə qida mənşəli botulizmə yoluxma hadisəsinin aşkarlanması barədə məlumat daxil olub. Məlumat alan kimi, agentliyin Şida Kartli Regional İdarəsinin müfəttişləri araşdırmaya başlayıblar. Plandankənar yoxlama sonradan botulizm diaqnozu qoyulan vətəndaşın hisə verilmiş donuz əti satın aldığı Karelidə, 9 Aprel küçəsində yerləşən “Yeni Ət” mağazasında aparılıb.
Ət satış müəssisəsində (fərdi sahibkar “Besik Nağişaşvili”) kritik uyğunsuzluqlar aşkar olunmayıb. Biznes operator vaxtı keçmiş qidanın satışına görə cərimələnib. Hisə verilmiş donuz ətinin istehsalçısı olan biznes operatorun (fərdi sahibkar “Vaxtanq Lomidze”, ünvan: Xaşuri şəhəri, İmereti küçəsi №54) müəssisəsində də dövlət nəzarəti aparılıb. Müəssisədə bir sıra pozuntular, o cümlədən kritik uyğunsuzluqlar aşkarlanıb, bu səbəbdən biznes operator cərimələnib və istehsal prosesi dayandırılıb.
Müəyyən edilib ki, sahibkar İqtisadi Fəaliyyətlərin Reyestrində qeydiyyat və tanınma olmadan fəaliyyət göstərirmiş, izlənilmə ilə bağlı tələblər pozulmuşdu, müəssisədə HACCP sistemi tətbiq edilməyib” – Milli Qida Agentliyinin məlumatında qeyd olunur.
Milli Qida Agentliyi istifadçiləri şübhəli şəraitdə hazırlanmış/hisə verilmiş ət, balıq, eləcə də konservləşdirilmiş qidaları istifadə etməkdən çəkinməyə çağırır.
“Botulizm ağır gedişi ilə xarakterizə olunan kəskin toksiko-infeksion xəstəlikdir. Botulizmin profilaktikası üçün qida məhsullarının konservləşdirilməsi zamanı sanitar və texnoloji rejimə riayət etmək vacibdir” – Milli Qida Agentliyinin məlumatında deyilir.