Şida Kartli polisi ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları “isti izlər”lə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü B.B.-ni ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, Xaşuri Munisipalitetinin Osiauri kəndində keçmişdə mövcud münaqişə zəminində başlayan qarşılıqlı mübahisə zamanı təqsirləndirilən şəxs qaynatası – 1961-ci il təvəllüdlü T.M.-yə onun yaşadığı evdə soyuq silahla döş və boğaz nahiyəsindən çoxsaylı xəsarətlər yetirib, daha sonra da hadisə yerindən qaçaraq gizlənib. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində dünyasını dəyişib. Münaqişə zamanı təqsirləndirilən şəxs mərhumun həyat yoldaşı 1979-cu il təvəllüdlü M.K.-yə qarşı da fiziki təhqir törədib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları B.B.-ni Gürcüstanın dövlət sərhədini keçməyə cəhd edərkən “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində dayandırıblar və müvafiq istintaq hərəkətləri həyata keçirdikdən sonra şübhəli şəxs qismində saxlayıblar. Cinayəti törətmək üçün istifadə edilən silah – bıçaq maddi sübut kimi götürülüb. Ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsinin “k” yarımbəndi ilə aparılır” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.