Si Dzinpin Avropa turu çərçivəsində Fransaya səfər edib
Si Dzinpin Avropa turu çərçivəsində Fransaya səfər edib

 
Çinin lideri Si Dzinpin rəsmi səfəri çərçivəsində Fransaya gedib. Bununla da Si Dzinpin Avropa ölkələrinə planlaşdırdığı altı günlük turuna başlayıb.

Fransanın Baş naziri və digər rəsmi şəxslər Çinin Prezidentini hava limanında qarşılayıblar.

Si Dzinpin bildirib ki, ikitərəfli münasibətləri, Çinin Avropa İttifaqı ilə münasibətlərini, həmçinin beynəlxalq və regional məsələləri müzakirə etmək üçün Fransanın Prezidenti Emmanuel Makronla görüşməyi planlaşdırır. Yayılmış məlumata əsasən, Si Dzinpin Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienlə də görüşəcək.

Medianın məlumatına əsasən, Fransa, kənd təsərrüfatı məhsullarının ixracı üçün Çin bazarının açılmasında irəliləyiş əldə etməyə çalışacaq. Eyni zamanda, Fransa Çini Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə məcbur etmək istəyir.

Çinin Prezidenti Emmanuel Makronun dəvəti ilə Fransadadır. Si Dzinpin Fransadan sonra Serbiya və Macarıstana səfər edəcək.

Si Dzinpin Avropada sonuncu dəfə beş il əvvəl İtaliyaya səfəri zamanı olub.