Si Cinpin – Çinlə ABŞ arasında fərqliliklərdən çox ortaq maraqlar var, biz rəqib deyil, tərəfdaş olmalıyıq
Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüş zamanı qeyd edib ki, Vaşinqton və Pekin rəqib deyil, tərəfdaş olmalıdır.
“Çinlə ABŞ arasında fərqliliklərdən çox ortaq maraqlar var və hər bir ölkənin uğuru digərinə imkanlar yaradır. Çin-ABŞ sabit münasibətləri bütün dünyaya fayda gətirəcək. Əməkdaşlıqda hər iki tərəf qazanır, qarşıdurmada isə hər iki tərəf itirir. Biz rəqib deyil, tərəfdaş olmalıyıq,” – deyə Si Cinpin bildirib.
Çin lideri həmçinin vurğulayıb ki, Tayvan məsələsi ABŞ-Çin münasibətlərində ən vacib və həssas mövzudur. Onun sözlərinə görə, bu məsələ düzgün həll olunarsa, ikitərəfli münasibətlər stabilliyini qoruyacaq, əks halda isə “iki ölkə toqquşa bilər və hətta konflikt yarana bilər.”
Ticarət münasibətlərinə toxunaraq, Si Cinpin qeyd edib ki, ticarət müharibəsində qalib yoxdur.
“Mən prezidentlə hər iki ölkə və dünya üçün vacib məsələlər barədə fikir mübadiləsi aparmaq istəyirəm, Çin-ABŞ münasibətlərinin nəhəng gəmisini birlikdə idarə edək. Gəlin 2026-cı ili Çin-ABŞ münasibətlərində tarixi və seçilən il edək – il ki, keçmişi davam etdirəcək və yeni səhifə açacaq,” – deyə Si Cinpin bildirib.