Seutada yüzlərlə miqrant sığınacaq almaq tələbi ilə etiraz aksiyası keçirib
İspaniyanın Seuta anklavına son vaxtlar daxil olan yüzlərlə miqrant etiraz aksiyası keçirib. Mərakeşə qayıtmaq əvəzinə, onlar İspaniya hakimiyyətindən sığınacaq verilməsini xahiş edirlər.
Aksiya iştirakçılarının əllərində İspaniya bayraqları və üzərində “Mərakeşə qayıtmaq istəmirik” və “Biz də insanıq” sözləri yazılmış pankartlar olub.
Miqrantların əksəriyyəti çimərlikdə və ya şəhər ətrafında ağır şəraitdə yaşayır.
Ölkənin daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, istisna hallardan başqa, miqrantlara anklavda qalmaq və ya qanuni status əldə etmək hüququ verilməyəcək.
Seutanın tibb şurasının rəhbəri Enrike Riviralta şəhərin tibbi heyətinin həddindən artıq yorğun olduğunu və infeksion diareya, qotur kimi xəstəliklərin yayıldığını bəyan edib.
Məlumat üçün bildirək ki, avqustun əvvəlində on minlərlə miqrant Mərakeş ərazisindən İspaniyanın Seuta anklavına daxil olub. Yerli hakimiyyətin qiymətləndirməsinə əsasən, şəhərə qanunsuz olaraq təxminən 60 min nəfər daxil olub. Seutada inkişaf edən miqrasiya böhranı nəticəsində 100 nəfər həlak olub. İspaniya hökumətinin məlumatına əsasən, miqrantların əksəriyyəti bir neçə saat və ya bir neçə günə Mərakeşə qayıdıb.