Səudiyyə Ərəbistanının sentyabrın 10-da baş vermiş hücumdan sonra fəaliyyətini dayandıran əsas neft kəməri bir neçə həftə ərzində bağlı qalacaq
Səudiyyə Ərəbistanının sentyabrın 10-da baş vermiş hücumdan sonra fəaliyyətini dayandıran əsas neft kəməri bir neçə həftə ərzində bağlı qalacaq. Medianın məlumatına görə, kəmərin zədələnmiş hissəsinin təmiri 3-5 həftə çəkə bilər.
Bununla yanaşı, hökumətin Beynəlxalq Kommunikasiya Mərkəzi bildirib ki, boru kəmərinin təmirinin nə qədər vaxt aparacağını müəyyənləşdirmək üçün araşdırma aparılır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanını şərqdən qərbə keçən Şərq-Qərb neft kəməri ölkənin ən mühüm strateji obyektlərindən biridir. Kəmərin əsas funksiyası Fars körfəzində hasil olunan neftin quru yolu ilə nəqlini təmin etmək və bununla da Hörmüz boğazından yan keçməkdir.
1200 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə sutkada 7 milyon barelədək neft nəql etmək mümkündür.
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərinin fəaliyyətini Ər-Riyad və Mədinə bölgələrində ona qarşı bir neçə hücum həyata keçirildikdən sonra dayandırıb.
Ər-Riyad hücumlarda İranda dəstəklənən və İraqda fəaliyyət göstərən qruplaşmanın dronlarını günahlandırıb. İran isə bu ittihamları rədd edir.