Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya “Husi”lərin obyektlərini bombalamağı planlaşdırır, koalisiya Yəmənin paytaxtının sakinlərini təxliyəyə çağırır
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Səna sakinlərini təxliyəyə çağırır. Məlumatı “Sky News” yayır. Onların məlumatında, koalisiyanın yəmənli “Husi”lərin obyektlərini bombalamağı planlaşdırdığı deyilir.
Bununla yanaşı, bir qədər əvvəl “Husi” üsyançılarının mediası Yəmənin paytaxtında neft emalı stansiyasına hücum edildiyi barədə məlumat yayıb.
“Husi”lərin idarə etdiyi “Al-Masirah” televiziya kanalı bəyan edib ki, hədəf Sənada yerləşən Yəmən Neft Şirkətinin stansiyası olub.
Qruplaşmanın liderlərinin bəyanatına əsasən, onlar Ər-Riyada “ağrılı” cavab verəcəklər.
“Yəmənin paytaxtına ediləcək istənilən hücuma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda sərt və ağrılı cavab veriləcək” – üsyançı qruplaşmanın hərbi nümayəndəsi Yahya Saria bildirib.
O, “Husi” üsyançılarının Səudiyyə Ərəbistanındakı “Aramco” neft obyektlərinə cavab zərbələri endirəcəklərini və Səudiyyə Ərəbistanı əhalisini, eləcə də neft şirkətinin əməkdaşlarını təxliyəyə çağırdıqlarını deyib. “Aramco” Səudiyyə Ərəbistanının ən böyük dövlət neft şirkətidir və ölkə miqyasında on böyük neft emalı zavodunun sahibidir.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanında Kral Xalid Beynəlxalq Hava Limanına “Husi”lərin hücumu nəticəsində bir nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Bu hücumdan əvvəl Ər-Riyad Beynəlxalq Hava Limanına zərbə endirilmişdi, buna görə məsuliyyəti İran tərəfindən dəstəklənən “Husi”lər üzərinə götürmüşdü. Hücum nəticəsində 13 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmışdı.