Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hərbi qüvvələri şiə “Husilər”in nəzarətində olan ərazilərə hücuma başlayıb

13:21, 05.10.2026

Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hərbi qüvvələri şiə “Husilər”in nəzarətində olan ərazilərə hücuma başlayıb. Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Mayed Abdullah əl-Nuzeyli bildirib.

Onun sözlərinə görə, bu addım siyasi rəhbərliyin göstərişləri əsasında atılıb. Qərar Yəmən Silahlı Qüvvələrinin dövlət qurumlarını Husilərin nəzarətindən azad etmək məqsədilə azadlıq mübarizəsinə başladığını elan etməsindən sonra qəbul edilib.

“Silahlı qüvvələrimiz təsdiqlənmiş planlara uyğun olaraq müxtəlif döyüş istiqamətləri və cəbhələrdə hərbi əməliyyatları davam etdirir. Silahlı qüvvələrimiz Səada, Əl-Cauf və Taiz ərazilərində Husilərin hərbi infrastrukturunun 1 122 hədəfinə zərbələr endirib. Əldə olunan məlumatlara görə, bu əməliyyatlar nəticəsində 1 747 milis üzvü zərərsizləşdirilib, həmçinin hərbi texnika, avadanlıq və təchizat vasitələrindən ümumilikdə 364 ədəd məhv edilib və ya sıradan çıxarılıb”, – deyə əl-Nuzeyli bildirib.

Yəməndə legitimliyi dəstəkləyən koalisiya da ölkənin dövlət institutları bərpa edilənə və “Husilər”in silahlı qruplaşmasından irəli gələn təhlükə aradan qaldırılana qədər Yəmən qüvvələrinə operativ dəstəyi davam etdirəcəyini vəd edib.

“Əl-Ərəbiyyə”nin məlumatına görə, Yəmən hökumət qüvvələri Kahbub dağlarından həyata keçirdikləri cinah manevri nəticəsində Bab əl-Məndəb yaxınlığında yerləşən Tubab üzərində nəzarəti ələ keçirib.

Oxşar