Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndələri arasında görüş keçirilir
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndələri arasında görüş başlayıb.
ABŞ tərəfdən danışıqlarda dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts iştirak edir. Görüşdə Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrei Sibiqa, Prezident Ofisinin rəhbəri Andrei Ermak və müdafiə naziri Rustem Umerov təmsil edir.
Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanındadır və şahzadə Salmanla görüşüb. Zelenski ABŞ-Ukrayna danışıqlarında iştirak etmir.
Ciddə şəhərində davam edən danışıqlar Ağ Evdə prezident Donald Tramp və vitse-prezident Cei Di Venslə Volodimir Zelenski arasında baş vermiş sözlü qarşıdurmadan sonra Ukrayna və ABŞ arasında keçirilən ilk yüksək səviyyəli görüşdür. Bundan sonra Vaşinqton Ukraynaya hərbi yardımı dayandırdı.
ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfər etməzdən əvvəl Ukrayna tərəfi ilə görüşün yaxşı keçəcəyinə ümid etdiyini deyib və bildirib ki, Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırması məsələsi Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar zamanı “həll oluna bilər”.