Sərhəd polisinin əməkdaşları dron operatoru hazırlığı kursunu keçiblər

14:00, 03.07.2026

Gürcüstan Sərhəd Polisinin əməkdaşları dron operatoru hazırlığı üzrə xüsusi ikiaylıq peşəkar kursu keçiblər.

Sərhəd Polisinin məlumatına görə, proqram dövlət sərhədinin mühafizəsi zamanı dronların idarə olunması vəzifəsi həvalə ediləcək əməkdaşlar üçün nəzərdə tutulub.

Məlumatda bildirilir ki, kurs həm nəzəri, həm də praktiki məşğələləri əhatə edib. Təlimlərə uçuş marşrutlarının planlaşdırılması, uçuşun idarə edilməsi, müşahidə, axtarış və təqib əməliyyatları, eləcə də gündüz və gecə vaxtı məlumatların toplanması daxildir.

Qeyd olunur ki, ötən il Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları sahil zolağının monitorinqində dronlardan sınaq rejimində istifadə ediblər.

Bu təcrübənin uğurlu nəticələri nəzərə alınaraq, cari ildə Sahil Mühafizəsi əməkdaşları digər bölmələrin nümayəndələri ilə birlikdə müvafiq hazırlıq kursunu keçiblər.

Bildirilir ki, ayın sonundan etibarən sahil zolağının nəzarətində dronlardan aktiv şəkildə istifadə olunacaq.

Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Oxşar