Serbiyanın şimalında yerləşən Voevodina regional ictimai yayımçısının jurnalistləri yayımçının birtərəfli məlumat yaydığını, buna görə üzr istədiklərini bəyan ediblər
Voevodina Radio-Televiziyasının (RTV) regional ictimai yayımçısının jurnalistləri efirdə bəyan ediblər ki, yayımçı illər ərzində ölkədə cari hadisələr haqqında birtərəfli məlumatlar yayıb. Bəyanat “Tələbə siyahısı”nın parlament seçkilərində qalib gəlməsindən və Aleksandr Vuçiçin məğlubiyyətindən sonra yayılıb.
“Voevodina Radio-Televiziyasının bəzi əməkdaşları ictimai yayımçının illərdir öz funksiyasını yerinə yetirə bilmədiyini deyirlər: susur, problemlərə göz yumur, birtərəfli məlumatlar verir, hadisələri tənqidi yanaşma olmadan işıqlandırır, düzgün suallar vermir və ya ümumiyyətlə heç bir sual ünvanlamır. Buna görə də tamaşaçılar qarşısında üzr borcumuz var” – bəyanatda qeyd olunub.
Jurnalistlərin sözlərinə əsasən, onlar etik prinsiplərə əməl etməklə azad fəaliyyət göstərmək uğrunda mübarizə aparıblar, lakin bu mübarizə arzulanan nəticəni verməyib. Buna baxmayaraq, onlar peşəkar və müstəqil jurnalistika uğrunda mübarizəni davam etdirməyin vacib olduğunu bildirirlər.
Qeyd edək ki, Voevodinanın inzibati mərkəzində Novi Sad şəhərində dəmir yolu vağzalının beton konstruksiyasının uçması nəticəsində 16 nəfər həlak olmuşdu. Aleksandr Vuçiç hökumətinə qarşı nümayişlərin başlamasına məhz bu hadisə təkan vermişdi.
Məlumat üçün bildirək ki, Macarıstandakı parlament seçkilərində Peter Madiarın qələbəsindən sonra ölkənin yeni hökuməti dövlət mediasının illərlə keçmiş baş nazir Viktor Orban hökumətinin təbliğatını apardığını bəyan etmişdi. Hökumət yayımçıya müvəqqəti rəhbərlik təyin etmiş və Orbanın xeyrinə qərəzli davranmaqda ittiham olunan əməkdaşları işdən azad etmişdi. Daha sonra Macarıstanın dövlət televiziyası (M1) informasiya buraxılışlarını dayandıraraq efirdə qara ekran fonunda yalana görə ictimaiyyətdən üzr istədikləri barədə bəyanat yayımlamışdı.