Serbiyada hökumət əleyhinə və hökumətyönlü mitinqlər keçirilib

12:12, 16.02.2025

Serbiyanın Kragujevac şəhərinin küçələrində minlərlə tələbə etiraz aksiyası keçirib. Bu barədə Reuters xəbər verir.

Beynəlxalq agentliyin məlumatına görə, çoxlu sayda vətəndaş Belqraddan Kraqujevac şəhərinə gəlib. Bəzi fəallar bir neçə gün paytaxtdan, eləcə də Novi Sad və Nişdən piyada gediblər. Etirazçılar şəhərin əsas prospektini bağlayıb və 2024-cü il noyabrın 1-də Novi Sad stansiyasının damının uçması nəticəsində həlak olan 15 nəfərin xatirəsini 15 dəqiqəlik sükutla yad ediblər.

Serbiya fevralın 15-də Dövlətçilik Gününü qeyd edir. Bununla əlaqədar tələbələr dövlət bayraqlarını dalğalandırıblar.

Eyni zamanda, Sremska Mitrovitsa şəhərində minlərlə hökumət tərəfdarının iştirakı ilə aksiya keçirilib. “Associated Press”in məlumatına görə, mitinqə ölkənin hər yerindən, eləcə də Serb Respublikasından (Bosniya və Herseqovinanın bir hissəsi) insanlar avtobusla gətirilib.

Məlumat üçün bildirək ki, 2024-cü il noyabrın 1-də Novi Sad Mərkəzi Dəmiryol Vağzalının binasının beton damı uçub. Nəticədə 15 nəfər həlak olub.

Faciəli hadisədən az sonra Belqradda etirazlar başladı və zaman keçdikcə Serbiyanın digər şəhərlərinə də yayıldı. Etirazçılar hökuməti günahkarları cəzalandırmağa çağırırlar.

Yanvarın 28-də Serbiyanın baş naziri istefa verdiyini açıqlayıb. Serbiyanın baş nazirinin qeyd etdiyi kimi, bu qərar Novi Sad faciəsi ilə bağlıdır.

Oxşar