Serbiyada davam edən aksiyaların iştirakçıları ölkənin baş nazirinin istefasına baxmayaraq, hökumət əleyhinə aksiyaların davam edəcəyini bildirirlər

22:47, 28.01.2025

 
Serbiyada etiraz aksiyaları davam edir.

Ölkənin ikinci böyük şəhəri Novi Sadda toplaşan nümayişçilər baş nazirin istefasına baxmayaraq, hökumət əleyhinə aksiyaların davam edəcəyini bildirirlər.

“Ola bilsin ki, onlar istefa veriblər, lakin hamımız bilirik ki, tələblər yerinə yetirilməyib” – aksiyanın iştirakçılarından biri bildirir.

Medianın məlumatında Novi Sadda aksiyanın 3 iştirakçısına hücum edildiyi deyilir. Nümayişçilər prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi “Serbiyanın Mütərəqqi Partiyası”nın üzvlərini hücumu törətməkdə ittiham edirlər. Yaralananlardan birində baş nahiyəsində xəsarət qeydə alınır və o, yerli xəstəxanaya yerləşdirilib.

Etiraz aksiyaları çərçivəsində bundan əvvəl tələbələr Belqradın əsas yolayrıclarından birini də bağlayıblar.

Artıq iki aydır Serbiyada etiraz aksiyaları keçirilir. Aksiyalar Novi Sad şəhərinin dəmir yolu vağzalında baş vermiş faciədən, beton konstruksiyaların uçması nəticəsində 15 nəfərin həlak olmasından sonra başlayıb.

Aksiyanın iştirakçıları faciənin hökumətdəki korrupsiya və qohumbazlıq ucbatından baş verdiyini və bu səbəbdən tikilinin təhlükəsizlik standartlarına uyğun tikilmədiyini bildirirlər. Onlar hadisənin tez araşdırılmasını və Serbiyanın Prezidenti Aleksandar Vuçiç və hakim partiyanın nümayəndələri tərəfindən hadisəyə görə məsuliyyət götürülməsini tələb edirlər.

Bununla yanaşı, bir neçə saat əvvəl Serbiyanın Baş naziri Miloş Vuçeviç vəzifəsindən getdiyini rəsmən təsdiqləyib.

Oxşar