Serbiya seçkilərində qalib gələn “Tələbə siyahısı” bloku medianın fəaliyyətinə müdaxiləni pisləyib – “Medianı parlamentdə institusional mübarizə ilə azad edəcəyik”

13:40, 27.10.2026

 

Serbiya seçkilərində qalib gələn “Tələbə siyahısı” seçki bloku medianın fəaliyyətinə müdaxiləni pisləyib.

Blokdan bəyan edirlər ki, medianı parlamentdə institusional mübarizə ilə azad edəcəklər.

“Birlikdə qalib gəldik, ləyaqətimizi də birlikdə qoruyaq” – blokun bəyanatında qeyd olunur.

Medianın yazdığı kimi, oktyabrın 26-da Serbiya əhalisinin bir hissəsi hökumətyönümlü “Informer” telekanalının binasına daxil olub. Yerli medianın məlumatına əsasən, telekanalın binasına basqın zamanı içəridə olan şəxslərdən birinin səhhəti pisləşib və ona təcili tibbi yardım lazım gəlib.

İnsident növbədənkənar parlament seçkilərində “Tələbə siyahısı”nın qələbəsindən sonra baş verib. Blok seçicilərin təxminən 53%-nin səsini toplayıb. Onlarla şəxs binaya daxil olub və verilişlərdən birinin yayımının dayandırılmasına səbəb olub. Onlar “Informer”in baş redaktoru Vuçiçeviçə müraciət edərək aksiya iştirakçılarını nüfuzdan salan materialları nə üçün dərc etdiklərini soruşublar. “Azad Serbiya xalqından üzr istə” – aksiyanın iştirakçıları “Informer”in baş redaktoruna çağırış ediblər.

Hadisəyə Avropa İttifaqının Serbiyadakı nümayəndəliyinin rəhbəri Andreas fon Bekerat münasibət bildirib. O bildirib ki, kiminsə hər hansı kütləvi informasiya vasitəsinin fəaliyyətinə dair tənqidi və ya iddiası varsa, bunu ləyaqətlə, müəyyən edilmiş hüquqi və tənzimləyici mexanizmlərlə etməlidir. “Zorakılıq heç vaxt çıxış yolu deyil” – fon Bekerat açıqlayıb.

Oxşar