Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, o, səlahiyyət müddəti bitməmiş istefa verə bilər
Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, o, istefa verə bilər.
Jurnalistlərlə söhbət zamanı Vuçiç bildirib ki, onun prezidentlik mandatı başa çatır və o, səlahiyyət müddəti bitməmiş də istefa vermə ehtimalını istisna etmir.
“Bəlkə də tezliklə istefa verəcəyəm”, – deyə o, Pekinə səfərinin başlanğıcında jurnalistlərə bildirib.
Eyni zamanda Vuçiç Serbiyada davam edən genişmiqyaslı etiraz aksiyalarına da toxunaraq onları “məzmun baxımından boş” adlandırıb.
“Düşünülmüş məzmundan məhrumdur, boşdur və xüsusilə də çoxsaylı deyil”, – deyə o qeyd edib.
Xatırladaq ki, Serbiyada etirazlar 2024-cü ildə dəmiryolu stansiyasının damının uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayıb. Tələbə aksiyaları daha sonra geniş anti-hökumət hərəkatına çevrilib. Müxalifət və fəallar hökuməti korrupsiya və səriştəsizlikdə ittiham edirlər.