Şərab Milli Agentliyi – Kaxetidə 6 min tona yaxın üzüm emal olunub
Şərab Milli Agentliyinin məlumatına görə, üzüm məhsulunun qəbulu Kaxetinin Dedoplistskaro və Siqnaxi bələdiyyələrində fəal şəkildə davam edir.
Agentliyin məlumatına əsasən, hazırda üzüm yığımı üzrə Koordinasiya Qərargahında 280 şərab şirkəti qeydiyyatdan keçib. Onlar mərhələli şəkildə üzümün qəbulu prosesinə qoşulacaqlar.
Bu ilki məhsulun proqnozlaşdırılan həcmi 320 min ton civarındadır.
Üzüm yığımının təşkilatlanmış şəkildə keçirilməsi və məhsulun tam şəkildə reallaşdırılması məqsədilə Gürcüstan hökumətinin qərarına əsasən, artıq məhsul olduğu təqdirdə bütün üzümçülər məhsullarını təhvil vermək imkanına malik olacaqlar. Bu məqsədlə MMC „Məhsulun İdarə Edilməsi Şirkəti“ Kaxetidə yetişdirilən üzümləri fiziki şəxslərdən müəyyən edilmiş şərtlər əsasında qəbul edəcək.
Şəkərliliyi ən azı 21 faiz olan, keyfiyyət tələblərinə cavab verən və zədələnməmiş Saperavi üzümünün qiyməti 1 lari 50 tetri müəyyən edilib. Keyfiyyət tələblərinə cavab verməyən, şəkərliliyi 17-21 faiz arasında olan və ya qismən zədələnmiş Saperavi üçün qiymət 90 tetri olacaq. Şəkərliliyi 17 faizdən aşağı olan və ya zədələnmiş Saperavinin qiyməti isə 30 tetri təşkil edəcək.
„Üzüm və şərab haqqında“ Gürcüstan qanunvericiliyi ilə icazə verilən üzüm sortlarından əldə olunan digər üzüm növləri üçün isə şəkərliliyi ən azı 20 faiz olan və zədələnməmiş məhsulun qiyməti 1 lari 30 tetri olacaq. Şəkərlilik 17-20 faiz arasında olduqda qiymət 80 tetri, 17 faizdən aşağı olduqda isə 30 tetri müəyyənləşdirilib.
Üzümün təhvil verilməsi prosesini Qurdjaani şəhərində yerləşən Üzüm Yığımı üzrə Koordinasiya Qərargahı əlaqələndirir.
Üzüm yığımı ilə bağlı məlumatı 1501 və 032 2 19 37 18 nömrəli qaynar xətlərdən əldə etmək mümkündür.