Sentyabrın 28-i günün sonundan oktyabrın 1-i səhər saatlarınadək Gürcüstanda fasilələrlə yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması, dolu düşməsi və küləyin güclənməsi mümkündür
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 28-i günün sonundan oktyabrın 1-i səhər saatlarınadək Gürcüstanda fasilələrlə yağıntı gözlənilir. Yağıntı Qərbi Gürcüstanın əksər ərazilərində, eləcə də Şərqi Gürcüstanın dağlıq və yüksək dağlıq rayonlarında bəzi yerlərdə güclü olacaq.
Sinoptiklərin məlumatına görə, şimşək çaxması, dolu düşməsi, küləyin güclənməsi və dənizdə 3-4 ballıq fırtınalı dalğalanma mümkündür.
“Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.