Sentyabrdan etibarən Avropa İttifaqı Braziliyadan ət və digər heyvani məhsulların idxalını qadağan edir
Sentyabrdan etibarən Avropa İttifaqı Braziliyadan ət və digər heyvani məhsulların idxalını qadağan edir

Avropa İttifaqının üzv ölkələrinin ekspertlərindən ibarət komitə Braziliyadan ət və digər heyvani məhsulların idxalının qadağan edilməsini dəstəkləyib. Bu barədə məlumatı “Euronews” yayıb.

Mediyanın yazdığına görə, qərarın səbəbi heyvanların böyüdülməsini stimullaşdırmaq üçün istifadə olunan antimikrobiyal maddələrdir.

Məlumata görə, qərara bütün üzv ölkələr yekdilliklə dəstək verib və nəticədə Braziliya Avropa İttifaqının qida təhlükəsizliyi tələblərinə cavab verən ölkələr siyahısından çıxarılıb.

Avropa Komissiyasından “Euronews”a bildirilib ki, 3 sentyabrdan etibarən Braziliya Avropa İttifaqına belə məhsulların – mal və at əti, quş əti, yumurta və bal – ixracını həyata keçirə bilməyəcək.

“Ticarət sazişləri bizim qaydalarımızı dəyişmir”, – Avropa Komissiyasından qeyd ediblər.

Eyni mənbənin açıqlamasına görə, Avropa İttifaqının məcburi sanitariya və fitosanitar standartlarına həm Avropa fermerləri, həm də üçüncü ölkələrin ixracatçıları əməl etməlidirlər.

Avropa Komissiyası bu qadağanı Avropa İttifaqı ilə Cənubi Amerika ölkələri arasında azad ticarət sazişi qüvvəyə mindikdən sonra qəbul edib.

“Euronews”un məlumatına görə, azad ticarət sazişi Braziliya, Argentina, Paraqvay və Uruqvayı əhatə edir və aqro məhsullarının ticarətinin liberallaşdırılmasını nəzərdə tutur. Saziş Avropa fermerləri tərəfindən sərt tənqid olunub; onların fikrincə, Latın Amerikası ölkələrində tətbiq olunan fərqli istehsal standartları Avropa istehsalçılarını ədalətsiz rəqabətə məruz qoyur.