Səhiyyə Nazirliyi – Türkiyə bazarı açılandan bəri Gürcüstan vətəndaşları dərmanlara 43 milyon lari qənaət ediblər

18:36, 19.05.2022

Səhiyyə Nazirliyi Türkiyədən gətirilən dərmanların satışını öyrənib. Nəticədə əczaçılıq bazarı açılandan indiyədək 125 mindən çox vətəndaş Türkiyədən gətirilən dərman preparatları alıb və bunun üçün 62 milyon lari əvəzinə 19 milyon lari ödəyib. Müvafiq olaraq, qeyd olunan müddətdə Gürcüstan vətəndaşları dərmanlara 43 milyon lariyə qədər qənaət ediblər, – Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Səhiyyə nazirinin müavini İlia Ğuduşauri qeyd edir ki, Türkiyə bazarının açılması nəticəsində Gürcüstanın aptek şəbəkələrində 400-dən çox adda dərman xeyli aşağı qiymətə satılır.

“İstehlakçı əvvəllər köhnə qiymətlərlə əczaçılıq məhsulu üçün orta hesabla ayda 200 lari ödəyirdisə, bugünkü məlumatlara görə, eyni dərmanı almaq ona təxminən 60 lariyə başa gəlir. Baş nazirin təşəbbüsü ilə həyata keçirilən islahat nəticəsində biz artıq hiss olunan dəyişikliklərin şahidi oluruq. Bu, dərmanların qiymətinin 60-80 faiz ucuzlaşmasında özünü göstərir. İdxal edilən türk dərmanlarının sayı hər gün artır və qeyd olunan fayda daha çox vətəndaşa təsir edəcək”, – İlia Ğuduşauri bildirib.

Oxşar