Səhiyyə Nazirliyi – Psixotrop dərmanların topdansatışını yalnız dövlət həyata keçirəcək
Birinci oktyabrdan etibarən, xüsusi nəzarətə tabe olan farmasevtik məhsulların, o cümlədən psixotrop dərmanların topdansatışı yalnız dövlət tərəfindən həyata keçiriləcək. Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, dəyişikliklərlə bağlı səhiyyə naziri Mixeil Sarjveladze klinikaların və apteklərin nümayəndələri ilə görüş keçirib və onlara yeni prosedurları təqdim edib. Nazir görüşdə bildirib ki, nazirlik sektorun nümayəndələri ilə sıx əməkdaşlıq edəcək. Onun sözlərinə görə, prosesdə bütün tərəflərin vicdanlı və ədalətli münasibəti xüsusi əhəmiyyət daşıyacaq.
Görüşdə həmçinin vurğulanıb ki, dəyişiklik xüsusi nəzarətə tabe olan farmasevtik məhsulların məqsədsiz istifadəsi risklərini minimuma endirəcək. Nazirin izahına görə, dövlət prosesi ciddi şəkildə nəzarətdə saxlayacaq.
“Səhiyyə nazirinin sözlərinə görə, dəyişiklik əhaliyə də müsbət təsir göstərəcək, çünki dövlətin kommersiya marağı yoxdur. Beləliklə, farmasevtik məhsulların topdansatış paylanması şəraitində bu, dərmanların qiymətlərinin sabitləşməsinə kömək edəcək. Nazir farmasevtlərə çağırış edib ki, həmin prinsipi pərakəndə satış zamanı da nəzərə alsınlar”, – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Qurumun məlumatına görə, dəyişiklik çərçivəsində həmin məhsulların idxalı və topdansatışı dövlət idarəçiliyində olan hüquqi şəxsə – “Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinə” həvalə olunub.