Səhiyyə Nazirliyi ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər Nazirliyi, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə İşğal olunmuş rayonlardan olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənədi səhiyyə naziri Mixeil Sarjveladze və universitetin rektoru Caba Samushia imzalayıblar.
Sənəddə tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.
Memorandum Gürcüstanda sosial-demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Sözügedən əməkdaşlıq Gürcüstanın sosial-demoqrafik inkişafının, ailə sabitliyinin strateji məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi üçün elmi əsaslı, möhkəm zəmin yaradacaqdır.
Universitet ölkədə mövcud sosial-demoqrafik proseslərin təhlili məqsədilə qarşılıqlı razılaşma əsasında elmi potensialı, o cümlədən tələbə və doktorantların birgə elmi tədqiqat və proqramlarda iştirakını təmin edir. O, həmçinin görüşlərə, ictimai çıxışlara və mühazirələrə kömək edəcək.
Tədbirdə səhiyyə nazirinin müavini Qiorqi Tsaqareişvili, Tbilisi Dövlət Universitetinin professorları və akademik heyəti iştirak edib.