Səhiyyə Nazirliyi – Gürcüstan hepatitlərin eliminasiyası istiqamətində əldə olunan tərəqqinin beynəlxalq səviyyədə tanınması mərhələsindədir
Gürcüstan viruslu hepatitlərin eliminasiyası üzrə beynəlxalq validasiya prosesinin yeni mərhələsinə keçib. Bu o deməkdir ki, ölkə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hepatit B və C-nin eliminasiyası istiqamətində əldə olunan tərəqqinin beynəlxalq səviyyədə tanınmasına hazırlaşır – bu barədə məlumatı Səhiyyə Nazirliyi yayır.
Bununla əlaqədar olaraq, səhiyyə naziri Mixeil Sarcveladzenin rəhbərliyi ilə Viruslu Hepatitlərin Eliminasiyasının Validasiyası üzrə Milli Şuranın ilk iclası keçirilib.
Nazir Şuranın üzvləri qarşısında çıxış edib və hepatit B və C üzrə dövlət proqramlarının əhəmiyyəti və əldə olunan nəticələrdən danışıb. Mixeil Sarcveladzenin bəyanatına əsasən, hepatit C-nin eliminasiyası proqramı Gürcüstanı beynəlxalq liderlər sırasına çıxaran ölkənin səhiyyə sisteminin əsas uğurlarından biridir. Nazir Tenqiz Tsertsvadzenin proqramın inkişafındakı rolunu xüsusilə qeyd edib. Mixeil Sarcveladze qeyd edib ki, son onillikdə əldə olunan nəticələr ardıcıl dövlət siyasətinin, gürcü mütəxəssislərin peşəkarlığının və beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığın nəticəsidir.
Gürcüstan cari ildə Ümumdünya Səhiyyə Təşkilatından iki istiqamətdə beynəlxalq validasiya almağı planlaşdırır. Bunlar: hepatit C-nin eliminasiyası yolunda əldə olunan tərəqqinin və hepatit B-nin anadan uşağa keçməsinin aradan qaldırılmasının validasiyasıdır. Hər iki istiqamət üzrə müraciət validasiyanın qızıl, ən yüksək səviyyəsini almaq üçün hazırlanıb.
Ölkənin yekun məqsədi isə 2030-cu ilədək hepatiti aradan qaldırmaqdır, bu da Ümumdünya Səhiyyə Təşkilatının qlobal strategiyası ilə müəyyən edilmiş müddətlərə uyğundur.
Şuranın üzvləri Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq hazırlanmış Viruslu Hepatitlərin Eliminasiyasının Validasiyası üzrə Milli Hesabatı müzakirə ediblər. Hesabat Gürcüstanın hepatit B və C-nin eliminasiyası istiqamətində əldə etdiyi mühüm tərəqqini əks etdirir – xroniki hepatit C-dən əziyyət çəkən pasiyentlərin 87,3%-nə diaqnoz qoyulub, diaqnoz qoyulmuş pasiyentlərin 87,1%-i isə müalicəyə başlayıb, bu da Ümumdünya Səhiyyə Təşkilatının hədəf göstəricilərini üstələyir. Bununla yanaşı, hepatit C-dən sağalma göstəricisi 99%-ə çatır. Hepatit B istiqamətində isə Gürcüstan ÜST-ün regional məqsədlərini artıq yerinə yetirib – uşaqlar arasında xəstəliyin yayılması 0,03% təşkil edir, yenidoğulanların doğum zamanı peyvəndlənmə əhatəsi 96%-ə, üçdozalı peyvəndlənmə əhatəsi isə 90%-ə çatıb.
Hepatitlərin Eliminasiyasının Validasiyası üzrə Milli Şura Gürcüstanın səhiyyə nazirinin əmri ilə yaradılıb. Şura nazirliyin, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin, Gürcüstan hökumətinin, Gürcüstan Parlamentinin, Milli Səhiyyə Agentliyinin, tibb sahəsinin, akademik dairələrin, beynəlxalq və tərəfdaş təşkilatların, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir” – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.