Səhiyyə naziri və Roche şirkətinin farmasevtika bölməsinin baş icraçı direktoru Dyüşen əzələ distrofiyasının müalicəsi üçün nəzərdə tutulan “Elevidys” preparatını müzakirə ediblər
Gürcüstanın səhiyyə naziri Mixeil Sarceladze İsveçrənin Roche əczaçılıq şirkətinin farmasevtika bölməsinin baş icraçı direktoru Tereza Qrehem ilə görüşüb. Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, görüş zamanı Gürcüstan ilə Roche şirkəti arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.
“Tərəflər səhiyyə sahəsində həyata keçirilən və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri üzrə əməkdaşlıq imkanlarına xüsusi diqqət ayrılıb.
Görüşdə həmçinin Dyüşen əzələ distrofiyasının müalicəsində istifadə olunan “Elevidys” preparatı ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə Səhiyyə Nazirliyinin Strateji İnkişaf və Analitika Departamentinin rəhbəri Leila Sulaberidze, Roche şirkətinin Beynəlxalq Departamentinin rəhbəri Maykl Oberrayter və Roche Georgia-nın Qafqaz ölkələri üzrə rəhbəri Maka Asatiani iştirak ediblər”, – deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.