Şəhər Məhkəməsi Uça Abaşidzeni 5 il, həyat yoldaşını isə 4 il müddətinə azadlıqdan məhrum edib
Şəhər Məhkəməsi Uça Abaşidzeni 5 il, həyat yoldaşını isə 4 il müddətinə azadlıqdan məhrum edib

 
Şəhər Məhkəməsi bloger və hərbi ekspert Uça Abaşidze və onun həyat yoldaşı Mariam İaşvilini onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, Uça Abaşidze 5 il, həyat yoldaşı isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Uça Abaşidzeyə qarşı istintaq odlu silahın qanunsuz olaraq əldə edilməsi və saxlanılması və şəxsi həyatı əks etdirən görüntülərin qanunsuz olaraq əldə edilməsi və saxlanılması ittihamı ilə aparılır. Prokurorluq onun həyat yoldaşını da eyni maddə ilə, intim məzmunlu görüntüləri qanunsuz olaraq əldə etmək və saxlamaqda ittiham edir.

Mərkəzi Kriminal Polis İdarəsinin məlumatına əsasən, cütlüyün evlərində aparılan axtarış zamanı gizli videokameralar və yaddaş kartları götürülüb. İstintaqla müəyyən edilib ki, Uça Abaşidze və Mariam İaşvili müxtəlif şəxslərin şəxsi həyat sirlərini, yəni intim münasibətləri əks etdirən materialları qanunsuz olaraq əldə etmək və saxlamaq niyyətində olublar, bu məqsədlə isə Mariam İaşvilinin mənzilini gizlədilmiş video və səsyazma cihazları ilə təchiz ediblər. Qurğular mənzilin otağının müxtəlif künclərinə, o cümlədən məişət əşyaları və texnikaya quraşdırılmışdı. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, videogörüntülərdə həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları, eləcə də tanınmış simalar var.