Samqori rayonunda köhnə kanat yolunun yenidən qurulması/tikintisinin layihə-smeta sənədinin tərtib edilməsi və tikinti/quraşdırma işlərinin satın alınması üzrə bazar araşdırması elan edilib
“Tbilisinin Nəqliyyat Şirkəti” Samqori rayonunda mövcud köhnə kanat yolunun yenidən qurulması/tikintisinin layihə-smeta sənədinin tərtib edilməsi və tikinti/quraşdırma işlərinin “Design Build” üsulu ilə satın alınması məqsədilə bazar araşdırması elan edib.
Tbilisinin meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında dediyi kimi, qeyd olunan kanat yolunun tikintisi Tbilisinin nəqliyyat siyasətinin inkişafında irəliyə doğru atılan mühüm addımlardan biri olacaq.
“Paytaxtda ictimai nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi üçün ən vacib layihələrdən birinin həyata keçirilməsinə başlanılır. “Tbilisinin Nəqliyyat Şirkəti” Samqori rayonunda mövcud köhnə kanat yolunun yenidən qurulması/tikintisinin (mövcud marşrutu qorumaqla) layihə-smeta sənədinin tərtib edilməsi və tikinti/quraşdırma işlərinin “Design Build” üsulu ilə satın alınması məqsədilə bazar araşdırması artıq elan edib. Bazar araşdırmasının nəticələrinə əsaslanmaqla müvafiq tender hazırlanacaq və dərhal elan ediləcək. Bizim gümanımıza görə, qeyd olunan layihənin həyata keçirilməsi təxminən 1,5-2 ilə mümkün olacaq” – Kaxa Kaladze bildirib.
O, qeyd olunan kanat yolunun hələ 1986-cı ildə inşa edildiyini, lakin qeyri-müvafiq qayğı və istismar nəticəsində kanat yolunun fəaliyyətinin 2006-cı ildən dayandırıldığını bildirib.
“Hazırda köhnə kanat yolunun mühəndis tikililərinin texniki vəziyyəti çox ağırdır. Biz müvafiq araşdırmalar aparmışıq və bu tikililərin sökülməsi gərəkdiyi müəyyən olunub, bunu da mütləq edəcəyik. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Vazisubani qəsəbəsində əhalinin artımı, bələdiyyə nəqliyyatına əlçatanlığın yaxşılaşdırılması və səyahət müddətinin əhəmiyyətli dərəcədə azaldılması məqsədilə qərar qəbul etdik, eyni dəhlizdə ən qısa müddətdə “Samqori” metro stansiyasına minimum 3 dəfə çox sərnişinin (saatda ən azı 1 250 sərnişin) daşınmasını təmin edəcək yeni, müasir kanat yolu inşa olunsun” – Kaxa Kaladze bildirib.
O, qeyd olunan kanat yolunun vahid nəqliyyat şəbəkəsinə daxil ediləcəyini və əhaliyə metronun hərəkət cədvəlinə oxşar şəkildə xidmət göstərəcəyini deyib.
“Paytaxtın landşaftını nəzərə almaqla, kanat yollarının inkişafı və tikintisi nəqliyyat siyasətinin vacib istiqamətlərindən biridir və biz bunu dəfələrlə bəyan etmişik. Digər oxşar layihələrin həyata keçirilməsi mərhələli şəkildə davam edəcək. Söhbət “Saracişvili-Zğvis Ubani” və “İsani-Vazisubani”ni birləşdirən kanat yollarının tikintisindən gedir” – Tbilisinin meri qeyd edib.