Şalva Papuaşvili – Yeni, 2026-cı ili böyük ümidlə, aydın planlarla və yeni enerji ilə qarşılayırıq; bu, yeni bir başlanğıc nöqtəsinə çevriləcək il olacaq
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili vətəndaşları Yeni il münasibətilə təbrik edib.
Parlament sədrinin təbrikində qeyd edildiyi kimi, 2026-cı ilə ümidlə, aydın planlarla və yeni enerji ilə daxil olurlar.
Onun sözlərinə görə, bu il yeni bir başlanğıc nöqtəsinə çevriləcək.
“Əziz həmvətənlərim, xaricdə yaşayan həmvətənlərimiz, abxaz və osetin bacı-qardaşlarımız, çətinliklər və qarşıdurmalarla dolu, eyni zamanda tarixi və seçilən bir il olan 2025-ci il başa çatdı. Bu, Gürcüstanın dövlətçilik seçimini və milli prioritetlərini aydın şəkildə müəyyənləşdirən il oldu. Geridə qalan ildə ölkəmiz həlledici təzyiqlərə tab gətirdi; bu təzyiqlərlə Gürcüstanın suveren hüquqlarını məhdudlaşdırmağa, gürcü xalqının iradəsinə təsir göstərməyə və bizi başqalarının planlarına tabe etməyə cəhd etdilər. 2025-ci il Gürcüstanın başqalarının ssenarilərində iştirak etməyə və ölkənin gələcəyi ilə oynamağa qəti “yox” dediyi il oldu. Biz hamımız birlikdə bu seçimi qoruduq və möhkəm birliyimizi nümayiş etdirdik. Biz hamımız birlikdə milli maraq anlayışını dövlətin fəaliyyətinin əsas təməli kimi siyasi və ictimai məkana geri qaytardıq.
Yeni, 2026-cı il gəlir. Onu böyük ümidlə, aydın planlarla və yeni enerji ilə qarşılayırıq. Bu, yeni bir başlanğıc nöqtəsinə çevriləcək il olacaq. Bu ildə biz tədricən, sakit və düşünülmüş şəkildə quruculuğun yeni mərhələsinə başlamalıyıq. Bu quruculuq tarixi irsimizə əsaslanmalı və eyni zamanda dövrə uyğun, müasir milli kimliyin aydın şəkildə formalaşdırılmasını təmin etməlidir. Dünya açıq-aydın anlamalıdır ki, biz kimik, harada dayanırıq, bizi nə hərəkətə gətirir, nəyi qoruyuruq və nəyi qururuq. Hər kəs bilməlidir: dünən kim idik, bu gün kimik və sabah kim olacağıq. Bu yolda bizi ata-babalarımızın qoyub getdiyi hikmət və bilik, Vətən sevgisi və ona qayğı ilə yoğrulmuş irs aparır. Məhz buna görə Gürcüstanın həyati maraqlarına xidmət edən heç bir qərarı qəbul etməkdən çəkinmirik. Bu maraqlara xidmət yolunda hamımız birlikdəyikç yaşlı və gənc, qadın və kişi, dünyəvi və ruhani.
2026-cı ildə Gürcüstan xüsusi bir tarixi qeyd edəcək – Gürcüstanın xristianlaşmasının 1700 illiyini. Bu, tarixi davamlılığımızın, mənəvi oxumuzun və sivilizasiya rolumuzun daha bir vurğusudur. Elə buna görə də sizi Bodbe monastırından yeni, 2026-cı ilin gəlişi münasibətilə təbrik edirəm. Müqəddəs Nino bütün Gürcüstanı xeyir-dua ilə əhatə etsin, valideynlərimizi və övladlarımızı qorusun! Gəlin birlikdə olaq və birlikdə yaşayaq, çünki güc birlikdədir”, – deyə təbrikdə qeyd olunur.