Şalva Papuaşvili: Xanım Kallasın fikrincə, gürcü xalqı hakimiyyəti özü seçmək iqtidarında deyil, buna görə də kənardan himayə və göstərişlərə ehtiyacı var. Hücum olan yerdə mütləq cavab da olacaq

14:25, 13.07.2026

Şalva Papuaşvili: “Xanım Kallasın fikrincə, gürcü xalqı öz hakimiyyətini seçmək iqtidarında deyil və buna görə də kənardan himayə və göstərişlərə ehtiyacı var”

“Avropa İttifaqının ali nümayəndəsinin səbəbsiz yerə, aydın səma altında yenidən Gürcüstan hakimiyyətinə hücum etməsi təəssüf doğurur”. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili yazıb.

Papuaşvilinin sözlərinə görə, hücum olan yerdə mütləq cavab da olacaq.

Onun qeyd etdiyinə görə, Avropa İttifaqının bəzi yüksək vəzifəli şəxsləri hələ də suveren dövlətin demokratik yolla seçilmiş hakimiyyəti ilə bərabərhüquqlu dialoq aparmaq əvəzinə, ona yuxarıdan-aşağı, mentor yanaşması ilə müraciət etməyə üstünlük verdikləri siyasi praktikadan əl çəkə bilmirlər.

“Avropa İttifaqının ali nümayəndəsinin səbəbsiz şəkildə Gürcüstan hakimiyyətinə yenidən hücum etməsi təəssüf doğurur. Bu cür ritorika nəinki Gürcüstan-Avropa İttifaqı münasibətlərinə heç nə qazandırmır, əksinə, gürcü cəmiyyətində Brüsselə qarşı onsuz da zəifləmiş etimadı daha da zədələyir.

Lakin hücum olan yerdə mütləq cavab da olacaq. Cavab isə ondan ibarətdir ki, təəssüf ki, Avropa İttifaqının bəzi yüksək vəzifəli şəxsləri hələ də suveren dövlətin demokratik yolla seçilmiş hakimiyyəti ilə bərabərhüquqlu dialoq əvəzinə, mentor tonunda danışmağa üstünlük verdikləri siyasi yanaşmadan əl çəkə bilmirlər.

“Xalqa dəstək verirəm, amma onun hakimiyyətinə yox” formulunun nə demək olduğunu başa düşmək lazımdır. Əslində belə bəyanat o deməkdir ki, xanım Kallasın fikrincə, gürcü xalqı öz hakimiyyətini seçmək qabiliyyətində deyil və buna görə də kənardan himayə və göstərişlərə ehtiyac duyur.

Bu, gürcü xalqına dəstək deyil, onun siyasi seçiminə hörmətsizlikdir.

Brüsseldə anlamalıdırlar ki, bəzi nümayəndələrinin digər xalqlara qarşı belə təkəbbürlü münasibəti Avropa İttifaqını sülh layihəsi ideyasından getdikcə uzaqlaşdırır və onu münaqişələri təşviq edən quruma çevirir.

Xanım Kallasın bugünkü bəyanatı daha da düşündürücüdür, çünki o, ALDE siyasi ailəsinin liderlərindən biri kimi “Lelo” partiyasının da daxil olduğu eyni siyasi ailəni təmsil edir. Bu partiya isə terrorizmi siyasi mübarizənin legitim vasitəsi hesab edir.

Buna görə də xanım Kallas öz siyasi tərəfdaşlarının terrorizmi əsaslandırmasından açıq şəkildə uzaqlaşmayana qədər, onun Gürcüstanla bağlı gələcək hər hansı şərhi ciddi qəbul edilməyəcək”, – deyə Papuaşvili yazıb.

Qeyd edək ki, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib:

“Gürcüstanla bağlı müəyyən çətinliklərimiz var. Əslində hökumətlə əlaqəmiz yoxdur. Biz hökuməti dəstəkləmək istəmirik, biz gürcü xalqına dəstək vermək istəyirik”.

Oxşar