Şalva Papuaşvili - Venesuelada bir neçə dəqiqəlik əməliyyat, beynəlxalq nizamın təminatçısı və qlobal geosiyasi oyunçu kimi Avropa İttifaqının artıq mövcud olmadığını da təsdiqlədi
Gürcüstan hakimiyyətinin iki əsas vəzifəsi dəyişməz qalır: ölkənin ərazi bütövlüyünün bərpası və gürcü xalqının rifahının təmin edilməsi – bu haqda parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Onun sözlərinə əsasən, ərazi bütövlüyü uğrunda mübarizədə siyasi hisslərə və illüziyalara yer yoxdur, Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlət və hakimiyyət heç vaxt gürcü xalqının dostu ola bilməz.
“Gürcüstan hakimiyyətinin iki əsas vəzifəsi dəyişməz qalır: ölkənin ərazi bütövlüyünün bərpası və gürcü xalqının rifahının təmin edilməsi. Ərazi bütövlüyü uğrunda mübarizədə siyasi hisslərə və illüziyalara yer yoxdur. Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlət və hakimiyyət heç vaxt gürcü xalqının dostu ola bilməz – bu, fundamental həqiqətdir.
Gürcüstan kimi kiçik dövlətlər üçün beynəlxalq hüquq hər zaman əsas silah və qalxan olub, lakin onun yeri və təsirinin dönməz şəkildə azalmaqda olması da reallıqdır. Nəhayət, dediklərimiz təsdiqləndi – İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq nizam artıq mövcud deyil.
Bu gün Venesuelada elan edilənlərdə bizim üçün yeni bir şey yoxdur. Biz bunu çoxdan görmüş və düzgün qiymətləndirmişdik. Qədim millətlərin tarixi üstünlüyü də məhz budur. Biz minilliklər ərzində oxşar “beynəlxalq nizamlar”a tab gətirmişik, bir sıra geosiyasi kataklizmlərdən keçmişik və xilas olmağın öz yolunu tapmışıq. Məhz bu bilik bizə başqaları yoxa çıxarkən dövlətçiliyi qoruyub saxlamağa imkan verdi. Bu gün də vəzifəmiz dəyişməzdir — böyük güclərin yaratdığı fırtınada dövləti zədələməmək və onu salamat şəkildə təhlükəsiz limana çatdırmaq.
Qlobal hadisələr cəmiyyətimiz üçün daha bir vacib nəticə ortaya qoyur— o, nəhayət maskaları çıxarır. Əvvəllər olduğu kimi, bu gün də lüstrasiyanın ən yaxşı təhrikedicisidir.
Bu günlərdə yenidən əvvəlcə Maydanı, sonra Nepalı, indi isə Venesuelanı arzulayan bir qrup insanı gördük. Bu, xalqın dəstəyinə ümidini itirmiş başqasının bayrağına vurğun, kənar güclərin ümidinə yosun kimi yapışan və “demokratiya bombaları”, “liberalizm raketləri” xəyalı quran insanlar qrupudur. Demokratik şəkildə məğlub olanlar üçün hakimiyyəti ələ keçirməyin yalnız bir ssenarisi qalır — kənar müdaxilə və zorakılıq yolu ilə hakimiyyətə gəlmək. Tarix belə vətənsiz, əyrı yolla gedən gürcülərə — Liparitlərə, Ğorğanaşvililərə, Orconikidzelərə — öz adını verib, müasir vətənsizlərə isə cəmiyyət layiqli yerini göstərib.
Nəhayət, Venesuelada bir neçə dəqiqəlik əməliyyat, beynəlxalq nizamın təminatçısı və qlobal geosiyasi oyunçu kimi Avropa İttifaqının artıq mövcud olmadığını da təsdiqlədi və görünür, bir daha heç vaxt bu rola qayıtmayacaq. Üstəlik, məlum oldu ki, Brüssel lazım gəldikdə dünya nizamının pozulmasından fayda götürməkdən və bunu öz maraqları üçün istifadə etməkdən də çəkinmir. Brüsselin Gürcüstana münasibətdə beynəlxalq hüququ pozaraq hərəkət etməsi də bunun yaxşı sübutudur.
Yanvarın ilk günlərində baş verən və görünür hələ yalnız güc toplayan beynəlxalq fırtına 2026-cı il üçün planımızı daha da möhkəmləndirdi — sülh siyasətindən yayınmamaq və başqalarının ssenarilərinə qoşulmamaq.
Bizim arxamızda müstəqil və vahid Gürcüstanda sülh və rifah istəyən xalq dayanır. Yada sitayiş edən, əyri yolla gedən gürcülərin hər bir sözü və hərəkəti yalnız onu təsdiqləyir ki, bu məqsədə yalnız “Gürcü Arzusu” nail ola bilər və bizi bu məqsəddən nə kimsə, nə də nəsə yayındıra bilər” – Şalva Papuaşvili yazır.