Şalva Papuaşvili – Venesiya Komissiyası siyasi şərhçiyə çevrilib, bunu ABŞ dəqiq təsdiqlədi və Komissiyadan çıxaraq onu faydasız və vəsait israf edən təşkilat adlandırdı
ABŞ-ın faydasız və vəsait israf edən təşkilatlar olduqları əsaslandırması ilə 66 təşkilatı tərk etməsi bir daha təsdiqləyir ki, bizim də dediyimiz kimi, artıq beynəlxalq nizam mövcud deyil, – bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Venesiya Komissiyasına gəldikdə isə, Papuaşvilinin qiymətləndirməsinə görə, Venesiya Komissiyası ölkələrə qarşı siyasi alətə çevrilib.
“ABŞ 66 təşkilatı tərk edib. Bu, bir daha göstərir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış və tərkibinə müxtəlif beynəlxalq təşkilatların daxil olduğu beynəlxalq nizam artıq mövcud deyil və bu təşkilatlar çərçivəsində məsələlərin müzakirəsi pozulub. Amerika onları faydasız və vəsait israf edən təşkilatlar olduqları əsaslandırması ilə tərk edir ki, bu da onların ciddiliyinin zədələndiyini göstərir. Bu, həm də bir daha təsdiqləyir ki, beynəlxalq nizam artıq mövcud deyil. Venesiya Komissiyası ölkələrə qarşı siyasi alətə çevrilib ki, onlara müxtəlif siyasi gündəmlərdən irəli gələn alətlər və ya institutlar qəbul etdirilsin. Gürcüstanla bağlı bu, dəfələrlə açıq şəkildə görünüb: hüquqi rəy və mövqelər əvəzinə siyasi nəticə və mövqelər gördük. Bu, Venesiya Komissiyasının hesabatlarında aydın görünür və biz bunu görüşlər zamanı Venesiya Komissiyasına da bildirmişik. Biz Avropa Şurasının üzvüyük, Venesiya Komissiyası isə Avropa Şurasının institutlarından biridir. Təşkilatın üzv dövləti olaraq bizim üçün narahatlıq doğuran odur ki, Venesiya Komissiyası öz profilini dəyişib və peşəkar, hüquqi rəylər hazırlamaq əvəzinə adi siyasi şərhçiyə çevrilib, siyasi gündəmdən irəli gələrək müxtəlif mövqelər və nəticələr ortaya qoyur. Məhz bunu ABŞ təsdiqlədi – Venesiya Komissiyasını faydasız və vəsait israf edən təşkilat adlandıraraq ondan çıxdı. Bu da bizim Venesiya Komissiyasının ilkin missiyasından uzaqlaşdığı barədə mövqeyimizi bir daha gücləndirir”, – deyə Papuaşvili bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 66 beynəlxalq təşkilatdan Birləşmiş Ştatların çıxmasını nəzərdə tutan prezident memorandumunu imzalayıb. Bu təşkilatlar arasında Avropa Şurasının Venesiya Komissiyası da var.
ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində yazıb: “Biz maraqlarımıza zidd fəaliyyət göstərən qlobalist bürokratların subsidiyalaşdırılmasını dayandıracağıq.”