Şalva Papuaşvili - Tamar Taliaşvili ABŞ Prezidentinin Administrasiyasından agrement aldı – bu, münasibətlərin yenidən qurulacağına ümid verir
Tamar Taliaşvilini ABŞ-da Gürcüstanın səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Əhəmiyyətlidir ki, o, ABŞ Prezidentinin Administrasiyasından agrement alıb, – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyanat verib.
Papuaşvilinin sözlərinə görə, bu fakt münasibətlərin yenidən qurulacağına ümid verir.
“İlk növbədə, Tamar Taliaşvilini Amerika Birləşmiş Ştatlarında Gürcüstanın səfiri təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Xatırlayırsınızsa, o, parlamentdən bizim həmkarımız idi və parlamentdə uğurlu fəaliyyət göstərdi. Ondan əvvəl isə Bələdiyyə Məclisində və daha sonra Avropa Şurasında kifayət qədər uğurlu fəaliyyət göstərmişdi. ABŞ Prezidentinin Administrasiyasından agrement alması olduqca vacibdir. Təbii ki, Gürcüstanın ABŞ-da səfirlə təmsil olunması önəmlidir. Bu bizə optimizm verir və ümid yaradır ki, münasibətlərin yenidən formatlaşdırılması mümkündür. Biz hələ də o təklifə sadiqik ki, ABŞ ilə real strateji tərəfdaşlıq istəyirik – bu tərəfdaşlıq hər iki xalqın milli maraqlarına əsaslanmalıdır. Bu baxımdan, Tamar Taliaşvili səfir kimi ən doğru namizəddir. Mən sevinirəm ki, o, Gürcüstanı Amerika Birləşmiş Ştatlarında təmsil edəcək”, – deyə Papuaşvili bildirib.