Şalva Papuaşvili Serbiya parlamentinin sədri ilə görüşüb

10:35, 08.07.2026

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Belqradda keçirilən Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin ilk konfransının əhəmiyyətindən danışıb. Görüşdə Aİ-yə namizəd ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Gürcüstan və Serbiya arasında inkişaf edən ikitərəfli münasibətləri də müzakirə ediblər. Son dövrdə həyata keçirilən səmərəli yüksək səviyyəli səfərlərə xüsusi diqqət yetirilib.

Şalva Papuaşvili Serbiya tərəfinə Gürcüstanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın da Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Görüşdə parlamentlərarası əməkdaşlığın, o cümlədən dostluq qrupları və sahə komitələri arasında əlaqələrin daha da genişləndirilməsi imkanları da müzakirə olunub.

Oxşar