Şalva Papuaşvili Pavel Herçinskiyə müraciət edir - Hakimiyyətin çağırışlarına baxmayaraq, Avropa İttifaqının missiyasının nifrətin, zorakılığın təzahürlərindən uzaq durmaqdan yayınması dərin məyusluq doğurur
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına əsasən, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskiyə bir neçə gün əvvəl təkrar məktubla müraciət edib.
“Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskiyə bir neçə gün əvvəl təkrar məktubla müraciət etdim. Məktubda bir daha diqqəti Avropa İttifaqının adı və maliyyəsinin nifrət, zorakılıq və təbliğat məqsədləri üçün istifadə olunmasına dair narahatedici vəziyyətə yönəltdim” – Şalva Papuaşvili yazır.
Papuaşvili sosial şəbəkədə bu məktubu dərc edir:
“Mən Avropa İttifaqının Gürcüstandakı missiyasının Avropa İttifaqı və ona üzv dövlətlər tərəfindən maliyyələşdirilən şəxslər tərəfindən Gürcüstan Parlamentinin və hökumətinin nümayəndələrinə qarşı davam edən təhqir və aqressiv hücumları açıq şəkildə qınamadığına görə məyusluğumu bildirmək istəyirəm. Təəssüf ki, Avropa İttifaqından maliyyə dəstəyi alan, Avropa dəyərlərinə qarşı fəaliyyət göstərən şəxslərə və təşkilatlara qarşı Avropa İttifaqının missiyasının fəaliyyətsizliyi nifrət, zorakılıq və siyasi qütbləşmə üçün münbit zəmin olan mühit yaradır. Gürcüstan hakimiyyətinin çoxsaylı çağırışlarına, o cümlədən mənim son məktubuma baxmayaraq, Avropa İttifaqının missiyasının Avropa İttifaqı tərəfindən maliyyələşdirilən qruplardan qaynaqlanan nifrətin, zorakılığın təzahürlərindən uzaq durmaqdan yayınması dərin məyusluq doğurur. Öncəki məktubumda da qeyd etdiyim kimi, təcrübə göstərir ki, donorların bu cür davranışlara reaksiyasız qalması həmin qruplara imkan verir ki, Avropa İttifaqının missiyasının fəaliyyətsizliyini sonrakı zorakı hərəkətlər üçün “yaşıl işıq yandırılması” kimi qəbul etsinlər. Təsəvvür yaranır ki, nifrət və zorakılıq “Avropa dəyərləri” adı ilə əsaslandırıla bilər. Üstəlik, nifrətin, zorakılığın və təbliğatın qınanması əvəzinə, nifrətin, zorakılığın və təbliğatın təşkilatçıları olan qruplara dəstək xarakterli bəyanatlar eşitməyimiz narahatedicidir. Fəaliyyətsizliyin “yaşıl işıq” kimi qəbul ediləcəyinə dair xəbərdarlığım tezliklə təsdiqini tapdı. Mayın 9-da Avropa İttifaqının missiyası tərəfindən təşkil edilmiş Avropa Günü tədbirində Avropa maliyyəsi alanlar kimi tanınan tədbirə dəvət olunmuş şəxslərin jurnalistə necə hücum etməsinin şahidi olduq. Təəssüf ki, bundan sonra belə, biz bu insidentə dair açıq ictimai qınama eşitməmişik. Mayın 17-də, yenə də “Avropa dəyərləri” adı altında, avropalı oyunçuların daha əvvəl dəstək ifadə etdiyi şəxslər azyaşlı uşaqlarının gözü qarşısında parlamentin üzvü Mariam Laşxiyə hücum etdilər və onu təhqir etdilər. Mayın 22-də yenidən “Avropa dəyərləri”nə istinad edilməklə, Avropa maliyyəsi alanlar kimi tanınan iki nəfər tərəfindən parlamentin üzvü İrakli Zarkuaya qarşı sözlü hücum və təhdidə bəraət qazandırıldı. Əvvəlki məktubumda mən həm siyasi qütbləşməni bəsləyən, həm də gürcü demokratiyasını təhdid edən bu cür radikal hərəkətlərin açıq və aydın şəkildə qınanmasından imtinanın doğurduğu təhlükələrə işarə etmişdim. Artıq görürük ki, oxşar səssizlikdən ruhlanan qruplar elə bir nöqtəyə yaxınlaşıblar ki, ondan o tərəfdə ekstremizm dayanır və oradan geri dönüş mümkün olmayacaq” – məktubda deyilir.