Şalva Papuaşvili - Ötən üç ildə Gürcüstanın böyük dövlətlərin genişmiqyaslı qarşıdurmasında müharibə meydanına çevrilməsi üçün cəhdin şahidi olduq, nəyi dəf etdiyimizi hər kəs yaxşı başa düşməlidir
Gürcü dövləti sülhün qorunub saxlanması siyasətinə qətiyyətlə sadiqdir. Bugünkü mürəkkəb şəraitdə sülh xüsusi səy, müdriklik və çeviklik tələb edir – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Vazianidə Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun qiymətləndirməsinə əsasən, dövlətin müharibə təhlükəsi və təxribatın qarşısını almaq üçün göstərdiyi səy hər zaman və hər yerdə öz vətənini fədakarlıq və qəhrəmanlıqla müdafiə edən, çiyin-çiyinə vuruşan və üzərinə düşən bütün missiyaları yerinə yetirən gürcü ordusunun gücü, mətanəti və cəsarəti ilə dəstəklənir.
“Biz bu ruhu, bu dayağı və bu hazırlığı hiss edirik. Bizim üçün hər bir əsgər dəyərlidir və qorunmalıdır. Ötən üç ildə Gürcüstanın böyük dövlətlərin genişmiqyaslı qarşıdurmasında müharibə meydanına çevrilməsi üçün maraq və cəhdin şahidi olduq. Nəyi dəf etdiyimizi, bu aydın nümunəni hər kəs dərindən dərk etməli, dəqiq başa düşməlidir” – parlamentin sədri bildirib.
Şalva Papuaşvili xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan hərbi qulluqçuların ailə üzvlərinə və yaxınlarına müraciət edib.
“Müdafiə Qüvvələri Günündə biz həmçinin xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş hərbi qulluqçulara ehtiramımızı bildiririk. Onlar öz qəhrəmanlıqları ilə ölkəmizin azadlıq və müstəqillik qalasına sərhəd çəkdilər. Mən onların valideynlərinə, övladlarına, həyat yoldaşlarına müraciət etmək istəyirəm – sizin övladlarınız, atalarınız, həyat yoldaşlarınız bizim ümumi qürurumuzdur. Onların şücaəti və fədakarlığı qarşısında baş əyirik.
Bir daha hamınızı bu mühüm gün – Müdafiə Qüvvələrinin Milli Günü münasibətilə təbrik edirəm və sizi əmin edirəm ki, ölkənin, vətənin və dövlətin müdafiəsinin bütün cəmiyyətin ümumi qayğısı olması üçün hər şeyi edəcəyik. Gürcüstanın müdafiəsi bizim ümumi işimizdir. Sizinlə fəxr edirik və ləyaqətli xidmətinizə görə təşəkkür edirik. Tanrı bütün Gürcüstanı qorusun və himayə etsin” – Şalva Papuaşvili qeyd edib.