Şalva Papuaşvili - Martın 31-də gürcü xalqı ağa dəyişikliyinə və ya daha yaxşı köləliyə yox, hər kəsdən müstəqillik və özünəməxsusluğa səs verdi
26 oktyabr parlament seçkilərində gürcü xalqı 31 mart referendumunun nəticəsini təkrarladı və təsdiqlədi – Gürcüstanın dövlət müstəqilliyi qorunmalıdır – bu barədə parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Papuaşvilinin qeyd etdiyi kimi, müstəqillik gündəlik səyin nəticəsidir.
„1991-ci ilin martın 31-də keçirilən ümummilli referendumda verilən yeganə suala, „Gürcüstanın dövlət müstəqilliyinin bərpa olunmasına razısınızmı yoxsa yox?”, Gürcüstanın bütün ərazisində əhali cavab verdi – bəli!
Bu yekdil qərarın əsasında, Zviad Qamsaxurdia referendumdan doqquz gün sonra Gürcüstanın müstəqilliyini elan etdi. Bu gün birinci prezidentin həm də doğum günüdür, o, 86 yaşını tamamlayacaqdı.
Gürcüstanın sovetləşməsindən düz 70 il sonra bütün Gürcüstan açıq və dəqiq şəkildə istəyini ifadə etdi ki, dövlət müstəqilliyinə sahib olsun, suverenliyi olsun və öz taleyini özü müəyyən etsin.
Müstəqillik gündəlik səyin nəticəsidir. Artıq 34 ildir Gürcüstan bu yolu izləyir və ən çətin əngəlləri aşmaqla birlikdə onu gücləndirməyə çalışır. Bu mübarizə hələ bitməyib və heç vaxt bitməyəcək.
Öz dövlətinə qayğı göstərmək, onun müdafiəsi və güclənməsi Gürcüstanın bütün nəsillərinin imtiyazıdır və olmalıdır. Məhz buna görə, hansı seçimi etdiyimizi, kimlərin varisləri olduğumuzu və harada durduğumuzu ilk növbədə yaxşı başa düşməliyik.
31 martda gürcü xalqı Sovet İttifaqında qalmağa, onun təsirinə və diktatına yox dedi. O, ağa dəyişikliyinə və ya daha yaxşı köləliyə yox, hər kəsdən müstəqillik və özünəməxsusluğa səs verdi. Gürcü milləti öz iradəsini ifadə etməyin ağır bədəlini tam ödəyib, dövlətçiliyin əldə olunması üçün lazım olan bütün çətin proseslərdən keçib.
Məhz buna görə, bu gün heç kimin bizim ortaq nailiyyətimizi sual altına qoymaq və ya riskə atmaq hüququ yoxdur. Hansısa yad qəbiləyə tabe olmaq nə qədər cazibədar görünsə də müstəqilliyimizi yeni köləliyə, yeni vassallığa, yad ölkənin təsirinə və onların maraqlarına dəyişməyə heç kimin hüququ yoxdur.
Bizim başımız yalnız bizim olmalıdır! Gücün qaynağı xalqdır!” – Şalva Papuaşvili yazır.