Şalva Papuaşvili – Kənar oyunçular ölkənin daxili siyasi seçiminə təsir göstərməyə çalışdıqda bu artıq əməkdaşlıq deyil, dövlətlərin suverenliyinin pozulmasıdır

18:15, 06.10.2026

 

Xarici müdaxilə demokratik təhlükəsizlik üçün mühüm və daimi təhlükədir. Bununla yanaşı, bu, sistemli və artan çağırışdır – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (IPU) 153-cü assambleyasında çıxışı zamanı açıqlayıb.

Papuaşvili, kənar oyunçuların ölkənin daxili siyasi seçiminə təsir göstərməyə və onun təsisatlarından yan keçməyə çalışdıqda bunun artıq əməkdaşlıq olmadığını bildirib. Şalva Papuaşvili, bunun, beynəlxalq hüququn ən mühüm prinsipinin – dövlətlərin suverenliyinin pozulması olduğunu izah edir.

“Qaydalara əsaslanmış beynəlxalq nizamın misli görünməmiş miqyasda dağılması şəraitində xarici müdaxilə dünyada cəmiyyətlərin üzləşdiyi ən sürətlə inkişaf edən və narahatlıq doğuran çağırışlardan birinə çevrilib, bunu Avropa İttifaqının xarici informasiya manipulyasiyası və müdaxiləsi təhlükələri haqqında son hesabatı da təsdiqləyir, “Xarici informasiya manipulyasiyası və müdaxiləsi əməliyyat mürəkkəbliyi və qlobal miqyas baxımından yeni səviyyəyə yüksəlib; hücumlar isə tez-tez baş verir, güclənib və daha koordinasiyalı olmağa başlayıb”. Hesabatda həmçinin deyilir ki, xarici müdaxilə “yalnız kommunikasiya sahəsinin çağırışı deyil, hiss olunacaq siyasi və təhlükəsizlik nəticələri olan daha geniş strategiyanın tərkib hissəsidir”. Avropa İttifaqı bu hesabatda doğru qiymətləndirmə aparır. Xarici müdaxilə demokratik təhlükəsizlik üçün mühüm və daimi təhlükədir. Bununla yanaşı, bu, sistemli və artan çağırışdır. Vəziyyəti daha da ağırlaşdıran odur ki, xarici müdaxiləni tədricən normaya çevirir, onu “iştirak”, “tərəfdaşlıq” və ya “dəstək” kimi qələmə verirlər. Hərçənd, hadisələri öz adı ilə çağırmalıyıq: kənar oyunçular ölkənin daxili siyasi seçiminə təsir göstərməyə və onun təsisatlarından yan keçməyə çalışdıqda bu artıq əməkdaşlıq deyil. Bu, beynəlxalq hüququn ən mühüm prinsipinin – dövlətlərin suverenliyinin – pozulmasıdır.

Mahiyyətcə bu, idarəetmə və hesabatlılıq məsələsidir. Hökumət xarici havadarların və ya digər kənar qüvvələrin maraqlarına uyğun olaraq deyil, öz xalqına hesabat verməli, milli maraqlardan irəli gələrək hərəkət etməlidir. Kənar təzyiq altında olan hökumət öz vətəndaşları qarşısında tam hesabatlı ola bilməz. Məhz burada idarəetmə və hesabatlılığın əsasları pozulur. Qeyd edilməyə layiqdir ki, keçmişdə başqa ölkələrdə xarici müdaxiləyə qarşı yönəlmiş qanunvericiliyi və tənzimləmələri tənqid edən dövlətlər də daxil olmaqla, getdikcə daha çox dövlət indi öz ölkəsində bu cür qanunlar qəbul edir. Avstraliya, Kanada, Fransa, Birləşmiş Krallıq, ABŞ və bir çox başqa ölkələr şəffaflıq, xarici maliyyələşmə haqqında qanunları və qeydiyyat tələblərini sərtləşdirir və ya qəbul edir. Əvvəllər istisna hesab edilən məsələlər getdikcə daha çox demokratik müdafiənin legitim və zəruri vasitəsi kimi qəbul olunur.

Yardımın səmərəliliyi haqqında Paris Bəyannaməsi hamımıza xatırladır ki, əsl tərəfdaşlıq üçün yardımın milli təsisatları və milli həmrəyliyi əvəz etməsi deyil, onları gücləndirməsi zəruridir. Bu gün inkişaf sahəsindən kənarda da bu vacib prinsipə yenilənmiş diqqət tələb olunur, çünki xarici müdaxilə yavaş-yavaş xarici yardımı əvəz edir.

Gürcüstan nümunəsini çəkmək istəyirəm. Xarici maliyyələşmənin şərtləndirdiyi ciddi təhlükəsizlik və siyasi çağırışları nəzərə alaraq, Gürcüstanın “Qrantlar haqqında” qanunu indi xarici qrantlar verilməzdən əvvəl hökumətin razılığının alınmasını tələb edir. Bunu xaricdən gələn maliyyələşmənin mühüm hissəsini alan təşkilatların üzərinə qeydiyyatdan keçmək və bu maliyyəni açıq şəkildə bəyan etmək öhdəliyi qoyan “Xarici təsirin şəffaflığı haqqında” qanun tamamlayır. Hər iki qanunun əsasında sadə prinsip dayanır: xarici resurslar ölkənin siyasi və ya ictimai həyatına daxil olduqda, vətəndaşların bu resursların necə istifadə olunduğu haqqında məlumatı olmalıdır. Bu, suverenliyin və hesabatlılığın təzahürüdür, bu da demokratik davamlılıq və yaxşı idarəetmə üçün həlledicidir” – Şalva Papuaşvili qeyd edib.

Parlamentin sədrinin bəyanatına əsasən, kənar müdaxilə yerini hakimiyyətlərin razılığına və millətlərin suverenliyinə əsaslanan həqiqi tərəfdaşlığa verməlidir.

“Əlbəttə ki, xarici müdaxilənin miqyasının artması xüsusilə narahatlıq doğurur. Lakin burada riyakarlıq da özünü büruzə verir: başqalarının işlərinə qarışan bəzi dövlətlər, eyni zamanda, beynəlxalq nizamın pozulmasından gileylənirlər. Görünür, müdaxilə etməməyin beynəlxalq nizamın sütunlarından biri olduğunu unudurlar. Bununla yanaşı, müdaxilə təcrübəsi – nə qədər xoş niyyətlərdən qaynaqlansa da – yeni münaqişə, etibarsızlıq və qeyri-sabitlik təhlükələri yaradır. Sonrakı yol aydındır: müdaxilə yerini hakimiyyətlərin razılığına və millətlərin suverenliyinə əsaslanan həqiqi tərəfdaşlığa verməlidir. Vaxt yetişdi, beynəlxalq ictimaiyyət xarici müdaxilənin və xarici maliyyələşmənin şəffaflığı üzrə ümumi beynəlxalq standart barədə razılığa gəlsin – hər bir üzv dövlətə demokratik prosesləri qorumaq üçün legitim vasitələr verəcək və suverenlik, hesabatlılıq və razılıq kimi ümumi prinsiplərə əsaslanacaq standart. Yalnız bundan sonra hesabatlılıq və onunla birlikdə legitim demokratik idarəetmə tam şəkildə inkişaf edə bilər” – parlamentin sədri açıqlayıb.

Oxşar