Şalva Papuaşvili İsveç kralı ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveç Kralı XVI Karl ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Gürcüstan və İsveç Krallığı arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda uzunmüddətli sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
Papuaşvilinin sözlərinə görə, iki ölkə ümumi Avropa dəyərlərini bölüşür və dinc qaydalara əsaslanan beynəlxalq nizam üçün ortaq istəyə malikdir.
“Tərəflər Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış yeni geosiyasi vəziyyəti müzakirə ediblər. Müntəzəm siyasi dialoqun vacibliyi qeyd edilib. Şalva Papuaşvili Gürcüstanın Avropaya inteqrasiya yolundan danışıb, Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun verilməsinin vacibliyini vurğulayıb. İsveç Kralı bəyan edib ki, İsveç Krallığı Gürcüstanın ərazi bütövlüyünü, Avropa istəklərini və demokratik inkişafını dəstəkləməyə davam edəcək”, – Gürcüstan parlamentinin bəyanatında deyilir.