Şalva Papuaşvili – Herçinski bizə deyir ki, ana söyüşü söymək, qul adlandırmaq və faşizm Gürcüstanın mədəni irsidir, əgər gürcü xalqına belə şeyi rəva görürsə, onun qüsursuz olmayan gürcücəsi kimə lazımdır
Avropa İttifaqı Gürcüstan əhalisinin əksəriyyətini söyən şəxsə pul ödəyirdi və onun maliyyələşdirilməsi ilə məşğul idi, cəmiyyət isə suallara cavab gözləyirdi. Avropa İttifaqının səfirinə media da suallarla müraciət edirdi. Pavel Herçinski susurdu və pul verdiyi, söyüş söyən şəxsin hədəf aldığı 1 milyon 200 min insanı, gürcü mediasını cavaba layiq belə görmədi. Lakin gürcü xalqını söyən şəxsə postla münasibət bildirdi – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Onun sözlərinə əsasən, “bu da 1 milyon 200 min insanı cavaba layiq görməyən, lakin “Kordzi”nin “İnstagram” postuna görüşün ləğv olunmasına görə az qala üzr istəyərək dərhal münasibət bildirən Avropa İttifaqı nümayəndəliyinin öz dəyərləri ilə harada dayandığını göstərir”.
“Nəhayət, Avropa İttifaqının səfiri anladı ki, nifrət və zorakılığı dəstəkləmək Gürcüstanda qəbuledilməzdir; bəlkə onun üçün məqbuldur, lakin bizim üçün qəbuledilməzdir və Gürcüstanda gürcü mədəniyyətinə və cəmiyyətinə yaraşan şəkildə rəftar etməlidir – buna ümid edirdim, lakin Avropa İttifaqının nümayəndəliyinin bəyanatından irəli gələrək, düşünürəm ki, heç nəyi anlamayıb. Bu qədər ildir Gürcüstandadır və Gürcüstanın, gürcü cəmiyyətinin nə demək olduğu haqqında təsəvvürü yoxdur. Bu, məsxərəyə qoymaqdır. Pavel Herçinski bizə deyir ki, Gürcüstan əhalisi üçün ana söyüşü söymək gürcü mədəni irsidir. Bizə deyir ki, qul adlandırmaq və ya faşizm Gürcüstanın mədəni irsidir. Əgər Pavel Herçinski biz gürcüləri faşist hesab edirsə və gürcülər üçün ictimai şəkildə ana söyüşü söyməyi normal sayırsa, deməli, bu insan həqiqətən heç nə anlamayıb. Əgər onun standartına görə ana söyüşü söymək ifadə standartıdırsa, bunu nəzərə alacağıq ki, ana söyüşü söymək Avropa standartı imiş” – Papuaşvili bildirib.
Parlamentin sədrinin bəyanatına əsasən, Pavel Herçinskinin Gürcüstanda zorakılığı pislədiyini heç kimin eşitməməsi utancvericidir.
“Oktyabrın 4-5-də Gürcüstan Prezidentinin iqamətgahına hücum ediləndə ağzından bir kəlmə belə çıxmadı. Bunun əvəzinə Gürcüstan əhalisinin əksəriyyətinin anasını söyən şəxsi müdafiə edir. Bu, həqiqətən utancvericidir və bilmirəm, hansı səfir bundan da aşağı səviyyəyə enə bilər – ictimai şəkildə ana söyüşünü mədəni irs və ifadə azadlığı adlandıra bilər. Heç olmasa indi anlayırsınızmı Gürcüstanda nifrəti təhrik edən kimdir? Avropa İttifaqı səfirliyinin bəyanatı birbaşa nifrət nitqinin, ana söyüşünün, qul adlandırmağın, faşizmin və radikalizmin təhrik edilməsidir. Avropa İttifaqı səfirliyi bunu təhrik etməklə məşğuldur. Hakimiyyətə bir şəkildə “Milli Hərəkat”ı gətirmək kimi dar siyasi məqsədlərinin olması və bütün cəmiyyətə ədavət toxumu səpməyə, radikalizm gətirməyə hazır olmaları həqiqətən utancvericidir. Pavel Herçinskinin bu hərəkətinə görə məyusam. Gürcü xalqına bu davranışı ilə göstərdi ki, sən demə, bizim mədəniyyətimiz ana söyüşü söymək, qul adlandırmaq, faşizm imiş. Bu adam Gürcüstandan bunu anlayıb ki, ana söyüşü söymək və qul adlandırmaq bizim mədəniyyətimizdir? – Sonra da çıxıb böyük iddia ilə, qüsursuz olmayan gürcücəsi ilə nələrsə danışır. Əgər gürcü xalqına belə şeyi rəva görürsə, onun qüsursuz olmayan gürcücəsi kimə lazımdır” – Papuaşvili bildirib.
Məlum olduğu kimi, “Kamara” festivalına musiqiçi “Kordzi” dəvət olunmuşdu. Hakim komandadan bəyan edirdilər ki, musiqiçi vaxtilə “Gürcü Arzusu”nun seçicilərini, Gürcüstan əhalisini təhqir etmişdi.
Bu gün Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi bəyanat yayıb və “Kamara” festivalının təxirə salınmasından təəssüfləndiyini bəyan edib.
“Gürcüstanın Kreativ Kompası” layihəsi çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kamara” festivalının təşkilatçılar tərəfindən təhlükəsizlik mülahizələrinə görə təxirə salınmasından təəssüf hissi keçiririk. 30 ildir ki, Avropa İttifaqı Gürcüstanda mədəniyyət sahəsini dəstəkləyir. Ölkəyə unikal mədəni irsini qoruyub saxlamaqda kömək edir, yaradıcı sənayelərə dəstək olur, Gürcüstan sənətçilərini və mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatları avropalı həmkarları ilə əlaqələndirir. Avropa İttifaqı yaradıcı ifadə azadlığına möhkəm inanır” – Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin bəyanatında deyilir.