Şalva Papuaşvili – Gürcüstanı müharibəyə çəkirdilər, çünki maliyyə mənfəəti güdürdülər, onların mesajı belədir – bizi hakimiyyətə gətirin və ölkəni müharibəyə sürükləyəcəyik, sonra ortaq kassamız olacaq

18:23, 16.07.2026

 

Hər şeydən əvvəl, bu, Gürcüstanı niyə müharibəyə çəkdiklərinin özünüifşasıdır – onlar buradan maliyyə mənfəəti güdürdülər. Ümumiyyətlə, hansısa pulun şəhərlərin dağılmasına və insanların ölümünə bərabər tutula biləcəyindən danışmaq, artıq onların hansı mənəvi deqradasiya səviyyəsinə düşdüklərini göstərir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.

Papuaşvili “Müxalifət Alyansı”nın liderlərindən biri Nika Qvaramianın “Ukrayna tezliklə müharibədə qalib gələndə onun bərpasına trilyonlar xərclənəcək, Gürcüstanı həmin trilyonların yaxınlığına belə buraxmayacaqlar, bütün Avropa tikinti və pul qazanmaqla məşğul olacaq” deyə verdiyi bəyanatını şərh edir.

Şalva Papuaşvilinin sözlərinə əsasən, “bu insanlar 2008-ci ilin müharibəsindən sonra məhz bu cür əldə edilən vəsaitlər hesabına parazitlik edənlərdir və görünən odur ki, onların öz ölkələrinin maraqlarına qarşı da məhz belə parazit yanaşması var”.

“O ki qaldı vəsaitlərə, yeri gəlmişkən, o vaxt da əgər hər hansı bir vəsait ayrılmışdısa, bunlar əsasən kreditlər idi, bu vəsaitin haraya xərcləndiyi və ya necə dağıdıldığı isə tamam ayrı mövzudur. Ona görə də bu vəsaitləri kiminsə başına qaxmasınlar. Bu gün də Ukraynaya kreditlərlə kömək edirlər. Bilirsiniz ki, bu gün Ukraynaya verilənlərin heç biri hədiyyə deyil. Bütün bunlar Ukrayna xalqının çiyninə ağır yük olaraq çökəcək kreditdir və gələcəkdə də hər hansı bir vəsait ayrılarsa, o da kredit olacaq. Burada heç kim təmənnasız olaraq kiminsə yanında dayanmır.

Vəsaitlərə gəlincə, bütün bunlar Ukraynanın çiyninə ağır yük olacaq kreditdir, Ukraynanın üzləşdiyi dağıntı və müharibədən əlavə, məhz bu daxili siyasi qruplar Gürcüstanı da müharibəyə çəkmək istəyirdilər, dağıntılara əlavə olaraq, Gürcüstanın üzərinə müxtəlif kreditlər şəklində başqa bir ağır yük qoyulacaqdı ki, onlar bundan istifadə edib ələ keçirmək istədilər.

Bu, bir daha göstərir ki, onların mesajı belədir – bizi hakimiyyətə gətirin və ölkəmizi müharibəyə sürükləyəcəyik, sonra isə öz mənfəətimiz üçün aramızda bölüşdürəcəyimiz ortaq kassamız olacaq. Nəticə etibarilə, 2008-ci ildən sonra daxil olan müxtəlif vəsaitlər necə Gürcüstanın çiyninə yük, kreditlər, faiz kimi çökdüsə və sonradan bunu gürcü xalqı ödəməli oldusa, ölkəmizi yenidən belə bir ağır asılılıq vəziyyətinə salmaq istəyirdilər. Bir daha qeyd edirəm, müharibə dağıntı deməkdir, vəd olunan vəsaitlər isə həm dağılmış, həm də maliyyə cəhətdən başqa ölkələrdən asılı vəziyyətə salınmış bir ölkənin boyunduruq altına salınmasıdır” – Şalva Papuaşvili bildirib.

Oxşar