Şalva Papuaşvili – Gürcüstan və Türkiyəni dostluq və strateji tərəfdaşlıq bağlayır, bizim üçün əsl dostluq açıq, konstruktiv dialoqa daim hazır olmaq deməkdir
Türk xalqını Respublika Gününün tarixi günü münasibətilə səmimi qəlbdən təbrik edir və onlara sülh, rifah və gələcək uğur arzulayıram — Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Respublikasının elan olunmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı açıqlayıb.
Şalva Papuaşvilinin qeyd etdiyi kimi, Gürcüstan və Türkiyəni dostluq və strateji tərəfdaşlıq bağlayır.
“İkitərəfli münasibətlərdə ölkələrimiz təsirli irəliləyişə nail olublar. Bizim üçün əsl dostluq və tərəfdaşlıq açıq və konstruktiv dialoqa daim hazır olmaq, ümumi çağırışları açıq və səmimi şəkildə müzakirə etmək, güzəştlərə nail olmaq deməkdir. Dialoqa bir-birimizin suverenliyinə və milli maraqlarına hörmətlə qoşuluruq. Məhz belə bir yanaşma qarşılıqlı hörmətin, möhkəm etimadın və uzunmüddətli əməkdaşlığın əsasını qoyur.
Təəssüf ki, bugünkü dünyada dialoqdan çox konfrontasiyaya hazır olmağı görürük. Məhz dialoqun çağırışların öhdəsindən gəlinməsində əsas yol olmalı olduğu mürəkkəb və gərgin geosiyasi vəziyyət fonunda ölkələr arasında qütbləşmə dərinləşir, konsensus axtarışı əvəzinə isə qarşıdurma təşviq olunur. Etimad böhranı getdikcə daha da dərinləşir, sülhsevər və qarşılıqlı faydalı çıxış yoluna nail olmaq isə getdikcə daha da çətinləşir.
Bu gün, dünya siyasi arenasında əsl sülhməramlı liderlərə nadir hallarda rast gəldiyimiz bir vaxtda, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın rolu xüsusidir. Türkiyə sülhə can atılmasında ifadə olunan əsas məqsədə sədaqətini qoruyub saxlaya bildi. Türkiyənin sülh təşəbbüsləri xüsusilə qlobal təhlükəsizliyi təmin etməli olan oyunçular arasında etimadın son dərəcə aşağı olduğu bir vaxtda dialoq üçün müvafiq məkanın yaradılmasının nə dərəcədə vacib olduğunu təsdiqləyir.
Sülhməramlılıq zəiflik deyil, o, siyasi müdriklik və cəsarətin təzahürüdür. Sülh məsuliyyət və dialoq tələb edir. Bu gün, beynəlxalq münasibətlərdə etimadın getdikcə daha da zəiflədiyi bir vaxtda, sülhün dəstəklənməsinə qayğı göstərmək xüsusi təqdirəlayiqdir. Bu il Gürcüstan xristian dövlətçiliyinin 1700 illiyini qeyd edir. Buna görə də İncildən bu sözləri xatırlatmaq istəyirəm: “Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Tanrı övladları adlanacaqlar” — Şalva Papuaşvili qeyd edib.
Parlamentin sədri, həmçinin Qara dəniz regionunun inkişafı üçün mühüm şərtlərdən biri olan Cənubi Qafqazda sülhün əhəmiyyətini vurğulayıb.
“Sülh və inkişaf üçün Orta Dəhlizin inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi və yeni iqtisadi imkanların yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Gürcüstan və Türkiyə parlamentləri bu səylərin ön cərgəsindədirlər. Bu il İstanbulda, Parlamentlərarası İttifaqın Assambleyası çərçivəsində həmkarım cənab Numan Kurtulmuş ilə görüşdüm. Görüşlərimiz həmişə dostluq, açıq və səmərəli dialoqla, həmçinin əməkdaşlıq və tərəfdaşlığın yeni yollarının müəyyənləşdirilməsinə yönəlmiş birgə səylə fərqlənir. Parlament diplomatiyası çərçivəsində biz – parlament sədrləri, dostluq qrupları, həmkar parlamentarilər qanunverici orqanlar arasında qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi üzərində işləyirik və bütün səviyyələrdə sıx əməkdaşlığı davam etdirəcəyik.
Əminəm ki, Gürcüstan və Türkiyə arasındakı dostluq gələcəkdə də güclənəcək və regional sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək. Bir daha Türk xalqını Respublika Günü münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq ölkələrimizə və xalqlarımıza daha çox fayda gətirəcək” — Şalva Papuaşvili açıqlayıb.