Şalva Papuaşvili Çinin Xarici İşlər Universitetində məruzə ilə çıxış edib
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Çinin Xarici İşlər Universitetində məruzə ilə çıxış edib.
Çinin Xarici İşlər Universiteti (CFAU) Pekində yerləşən, Çinin Xarici İşlər Nazirliyinə bağlı və “Çinli diplomatların beşiyi” kimi tanınan dövlət universitetidir. Universitet diplomatiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahələrində peşəkarlar hazırlayır.
Şalva Papuaşvili məruzəsində Gürcüstan parlament nümayəndə heyətinin Çinə ilk səfərinin əhəmiyyətini və Gürcüstan ilə Çin arasında artan strateji tərəfdaşlığı vurğulayıb.
O, dünyada transformasiya proseslərinin getdiyini, mövcud çalxantılı mühitdə Gürcüstanın sülh və inkişafın adası olduğunu bildirib.
Şalva Papuaşvili həmçinin Gürcüstan hakimiyyətinin milli maraqları və suverenliyi qorumağa yönəlmiş səylərindən danışıb.
Parlamentin sədri həmçinin Gürcüstanın strateji coğrafi mövqeyini və əlaqəlilik istiqamətində mövcud böyük potensialını vurğulayıb.
Görüş Şalva Papuaşvilinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində baş tutub. Parlamentin sədri ilə yanaşı, Gürcüstan Parlamentinin sədrinin birinci müavini, Gürcüstan-Çin Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qiorqi Volski və Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze çıxış ediblər.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.