Şalva Papuaşvili – Brüsselin Gürcüstana qarşı siyasəti dalana dirənib. Brüssel müharibənin başa çatdığını bilməyən və hələ də hərbi əməliyyatlar planlaşdıran əsgərə bənzəyir
“Yalan Brüssel tərəfindən israrla təkrarlandığı üçün həqiqətə çevrilə bilməz”. Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Brüsselin Gürcüstana qarşı siyasəti dalana dirənib. Papuaşvilinin fikrincə, artıq Brüsselin illüziyalar dünyasından çıxmasının vaxtıdır.
“BMT-də Avropa İttifaqının nümayəndəsinin növbəti dəfə adi ritorikanı təkrarlayaraq, ‘özbaşına həbslər’ və ‘repressiyalar’ barədə artıq köhnəlmiş yalanı təkrarlayan dezinformasiya xarakterli bəyanat verməsi narahatedicidir.
Düşündürücüdür ki, Avropa İttifaqının rəsmi şəxslərinin bəyanatları artıq neçənci dəfədir ki, təkcə faktlarla deyil, həm də Avropa İttifaqının özünün tanıdığı dəyərlər və prinsiplərlə tam ziddiyyət təşkil edir.
Artıq çoxdan hamıya aydındır ki, Gürcüstan hökumətinə qarşı zorakı aksiyalar qismən Avropa İttifaqının maliyyəsi hesabına da maliyyələşdirilib. O cümlədən ‘Molotov kokteyli’nin istifadəsinə haqq qazandıran və bunu təşviq edən kampaniya da maliyyələşdirilib. Üstəlik, məhz Brüsselin virtual yaşıl işığından sonra ötən il, oktyabrın 4-də hakimiyyəti devirməyə yönəlmiş uğursuz cəhdə başlanılıb.
Lakin gürcü xalqı və Gürcüstan hökuməti ölkəni, onun azadlığını, suverenliyini və maraqlarını layiqincə müdafiə etdi. Bu gün hamıya aydındır ki, 2024-cü ildə xaricdən maliyyələşdirilən inqilabi proses məğlubiyyətə uğradı. Gürcüstanda hakimiyyəti devirmək üçün qəbul etdirilməyə çalışılan saxta reallıq dağıldı. Lakin bu saxtakarlığı maliyyələşdirənlər özləri yaratdıqları saxta narrativin əsirinə çevrildilər və bu yanaşmadan bu günə qədər də əl çəkə bilməyiblər.
‘Seçkilərin saxtalaşdırılması’ və ‘dinc aksiyaların dağıdılması’ ilə bağlı yalan narrativi zaman və reallıq təkzib etdi. Törədilmiş zorakı cinayətlər araşdırılıb, hökmlər çıxarılıb, hər şey sənədləşdirilib və qeydə alınıb. Üstəlik, bunlar cinayət törədənlərin özləri tərəfindən də etiraf edilib.
Faktlar bir daha təsəvvürlərə qalib gəldi. Yalan yalnız Brüssel onu israrla təkrarladığı üçün həqiqətə çevrilə bilməz. Cinayətkar da yalnız Avropa İttifaqının hansısa məmuru belə istədiyi üçün qurbana çevrilə bilməz.
Avropa İttifaqının rəsmi nümayəndəsinin dünənki bəyanatı bir daha təsdiqləyir ki, Brüsselin Gürcüstana qarşı siyasəti dalana dirənib. Brüssel müharibənin başa çatdığını bilməyən və hələ də hərbi əməliyyatlar planlaşdıran əsgərə bənzəyir.
Artıq Brüsselin illüziyalar dünyasından çıxmasının vaxtıdır. Əgər Avropa İttifaqının rəsmi şəxsləri Gürcüstanla münasibətləri normallaşdırmaq istəyirlərsə, Gürcüstana qarşı aqressiv ritorikanı dayandırmalı, məğlub olmuş inqilabi ssenarinin informasiya dəstəyindən imtina etməli və diplomatiyanın elementar prinsiplərinə – faktlara, Gürcüstanın suverenliyinə və gürcü xalqının demokratik seçiminə hörmətə qayıtmalıdırlar”, – deyə Şalva Papuaşvili yazıb.