Şalva Papuaşvili – Brüssel üzv ölkələrlə ikitərəfli münasibətləri bloklamağa çalışır, Gürcüstanın müxtəlif nümayəndə heyətləri ilə görüşlərin keçirilməməsi üçün təlimatlar verildiyinə dair bizə məlumat gəlir
Brüssel Gürcüstanın Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli münasibətlərini bloklamağa çalışır, Gürcüstanın müxtəlif nümayəndə heyətləri ilə görüşlərin keçirilməməsi üçün təlimatlar verildiyinə dair bizə məlumat gəlir – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Çexiyada jurnalistlərə açıqlayıb.
Onun sözlərinə əsasən, xoşbəxtlikdən, Avropa İttifaqında hələ də Brüsselin bu cür sovet yanaşmasını bölüşməyən çoxlu həqiqi avropalı var.
“Çexiya Respublikasında parlamentin sədri, Xarici Əlaqələr Komitəsinin sədri və hökumət üzvləri, o cümlədən birinci vitse-baş nazir və müdafiə naziri ilə görüşlər keçirdik. İlk növbədə, bütün görüşlərdə söhbət ikitərəfli münasibətlərdən getdi, çünki görürük ki, Brüssel Gürcüstanın Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli münasibətlərini bloklamağa çalışır. Gürcüstanın müxtəlif nümayəndə heyətləri ilə görüşlərin keçirilməməsi üçün Brüsseldən paytaxtlara birbaşa təlimatlar verildiyinə dair müxtəlif mənbələrdən bizə məlumat gəlir. Xoşbəxtlikdən, Avropa İttifaqında hələ də Brüsselin bu cür sovet yanaşmasını bölüşməyən çoxlu həqiqi avropalı var. Buna görə də, bu gün bizim üçün əsas və dəyərli olan Brüsselin bu anti-gürcü siyasətinin Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli münasibətlərimizə zərər vurmamasıdır.
Təəssüf ki, Brüssel 2024-cü ildə kollektiv “Milli Hərəkat”ın tərəfini tutduğu və onu hakimiyyətə qaytarmaq istədiyi, lakin elə özlərinin referendum elan etdikləri seçkilərdə məğlub olduqları üçün Gürcüstana və gürcü xalqına zərər vurmağa çalışır. İki ildir izlədiyimiz proses qeyri demokratik üsullarla və seçki prosesindən yan keçməklə kollektiv “Milli Hərəkat”ı hakimiyyətə gətirmək üçün gürcü xalqından və Gürcüstandan alınan intiqamdır. Buna görə də, bu gün bizim vəzifəmiz Brüsselin Gürcüstana qarşı yürütdüyü bu zərərli siyasət fonunda ikitərəfli münasibətləri itirməmək və əksinə, tərəfdaşlarımızla onları daha da dərinləşdirməkdir” – Papuaşvili qeyd edib.
Papuaşvilinin bəyanatına əsasən, Gürcüstan Orta Dəhlizin mühüm halqalarından biri kimi Avropa İttifaqının müxtəlif üzv ölkələrinin, o cümlədən Çexiyanın iqtisadi və energetika təhlükəsizliyində mühüm rol oynayır.
“Çexiya xam neft idxalının 40%-ni Gürcüstandan keçməklə Azərbaycandan alır. Bu yaxınlarda Çexiya və Azərbaycan arasında qaz təchizatı ilə bağlı müqavilə imzalanıb, müqavilə çərçivəsində qaz Orta Dəhliz və Gürcüstan vasitəsilə sonda Çexiyaya çatdırılır. Buna görə də ikitərəfli münasibətlərin maksimal şəkildə sıx və dostluq şəraitində olması vacibdir. Biz hamıya etibarlı tərəfdaş olduğumuzu göstəririk. Bu baxımdan şadıq ki, Çexiya Respublikası ilə də müvafiq tərəfdaşlıq münasibətlərimiz var.
Görüşlər fonunda parlament əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Həmkarımı Gürcüstana dəvət etdim və ümid edirəm ki, Çexiya Respublikası Parlamentinin sədri yaxın gələcəkdə Gürcüstana səfər edəcək və söhbətimizi artıq Gürcüstanda davam etdirmək imkanımız olacaq. Əhval-ruhiyyə həm parlamentdə, həm də hökumət səviyyəsində çox tərəfdaşlıq xarakteri daşıyır. Biz ikitərəfli münasibətlər və ikitərəfli iqtisadi əməkdaşlıq üçün tam hazırlıq və açıqlıq gördük. İkitərəfli münasibətləri daha da gücləndirməyə çalışacağıq.
Brüsseldən bizə zərər vura bilmədiklərini və qiymətləndirmələrinin, bəyanatlarının artıq əhəmiyyətini itirdiyini gördükləri üçün Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli münasibətlərimizə zərər vurmağa çalışırlar. Belə bir qərəzkarlığı görmək dəhşətdir. Sülh layihəsi kimi göstərilən, sülh, dialoq və əməkdaşlıq üçün yaradılan təşkilatın seçkilər zamanı kollektiv “Milli Hərəkat”ı hakimiyyətə gətirə bilmədiyi üçün bu gün namizəd ölkəyə zərər vurmağa çalışması, belə davranması necə mümkün ola bilər?!”– Şalva Papuaşvili bildirib.