Şalva Papuaşvili – Bir dövlətin nümayəndəsi özünə digər dövlətdə hakimin rolunu götürmək səlahiyyəti verəndə, bu, hüquqi dövlətə hörmətsizlikdir
Bir dövlətin nümayəndəsi özünə digər dövlətdə hakimin rolunu götürmək səlahiyyəti verəndə, bu, hüquqi dövlətə hörmətsizlikdir – bu barədə Parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə Peter Fişerin paylaşımına cavab olaraq yazıb.
Onun sözlərinə görə, Almaniyanın səfiri Peter Fişerin bəyanatı akkreditə olunmuş diplomatın ev sahibi ölkədə idarəetmə funksiyasına qarışması və gedən məhkəmə proseslərinə təzyiq göstərməsidir.
“Hüquqi dövlət o deməkdir ki, ədalət mühakiməsini məhkəmə həyata keçirir! Bir dövlətin nümayəndəsi özünə digər dövlətdə hakimin rolunu götürmək və kim haqlıdır, kim haqsızdır demək səlahiyyəti verəndə, bu, hüquqi dövlətə hörmətsizlikdir.
Hamıya xatırladıram ki, Gürcüstanda, müstəqil dövlət kimi, məhkəmə hakimiyyəti fəaliyyət göstərir və onun qərarlarının düzgünlüyü dəfələrlə Strasburq məhkəməsi tərəfindən təsdiqlənib. O cümlədən, bu bəyanat kimi böhtançı hücumların hədəfi olmuş bütün işlərdə (“Rustavi 2”, Gvaramiya, Melia, Saakaşvili və s.). Bütün bunlarla yanaşı, bu bəyanat akkreditə olunmuş diplomat tərəfindən ev sahibi ölkədə idarəetmə funksiyasına müdaxilə və gedən məhkəmə proseslərinə təzyiqdir ki, bu da öz növbəsində Vyana Konvensiyasının kobud şəkildə pozulması və qaydalara əsaslanan beynəlxalq nizam üçün təhdiddir.
Bu, ilk hal deyil ki, xarici ölkənin akkreditə olunmuş səfiri dezinformasiyalı narrativlə gürcü idarəçiliyinə və ədalət mühakiməsinə hücum edir. Xatırladım ki, indiyə qədər iştirakçı səfirliklərin heç birindən o böhtançı demarş üçün üzr eşitməmişik. Həmin demarşla, guya Saakaşvilinin ölüm ayağında olmasına görə, onun başqa ölkəyə verilməsini, əslində isə azad edilməsini tələb edirdilər. 2023-cü il 27 fevral tarixli bu demarşın gürcü idarəçiliyi və ədalət mühakiməsinə qarşı əsassız və böhtançı olduğu, demarşdan iki ay sonra – 2023-cü il 12 may tarixində Strasburq İnsan Hüquqları Məhkəməsinin qərarı ilə təsdiqləndi”, – Papuaşvili yazır.