Şalva Papuaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan Parlamentinin fəxri medalını təqdim edib
Şalva Papuaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan Parlamentinin fəxri medalını təqdim edib

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan Parlamentinin fəxri medalını təqdim edib.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, yeni parlament mükafatı – Parlamentin fəxri medalı – Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsinə və parlamentlərarası münasibətlərin inkişafına verdiyi xüsusi töhfəyə görə təqdim olunub.

Sahibə Qafarova qanunverici orqanın yeni reqlamentinə əsasən təsis edilmiş Parlamentin fəxri medalı ilə təltif edilən ilk şəxsdir.

“Sahibə Qafarova iki ölkənin qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xüsusi töhfə verib. Onun sədrliyi dövründə Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələr bütün səviyyələrdə əhəmiyyətli dərəcədə aktivləşib, həmçinin bir sıra uğurlu yüksək səviyyəli səfərlər həyata keçirilib.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin mart ayında Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında anlaşma memorandumu imzalanıb. Bu sənəd parlament dostluq qrupları, sektoral komitələr və qanunverici orqanların əməkdaşları arasında müntəzəm əlaqələrin daha da gücləndirilməsini, müxtəlif məsələlər üzrə təcrübə mübadiləsini, həmçinin beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini nəzərdə tutur”, – deyə Gürcüstan Parlamentinin yaydığı məlumatda bildirilir.