Şalva Papuaşvili – Avropa Parlamenti özünü Rusiyanın işğalçılıq siyasəti ilə bərabər tutdu, Rusiya Gürcüstanın ərazisinin beşdə birində suverenliyini inkar edir, Avropa Parlamenti bütün ərazi üzərində suverenliyi tanımaqdan imtina edir
Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının son qətnamələri gürcü xalqı tərəfindən müəyyən edilmiş qırmızı xətləri nəhayət ki, keçdi, Gürcüstanın suverenliyini və milli müstəqillik prinsiplərini kobud şəkildə pozdular – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə əsasən, “Avropa İttifaqı adından və Avropaya inteqrasiya ideyasından istifadə etməklə, Avropa Parlamenti, praktiki olaraq, gürcü xalqının mübarizə və qanı bahasına başa gələn müstəqilliyinin, suverenliyinin üstündən xətt çəkdi və Gürcüstanın dövlətçilik ideyasını təhqir etdi”.
“Rasa İukneviçiene tərəfindən hazırlanan hesabatla Avropa Parlamenti, faktiki olaraq, bəyan etdi ki, Gürcüstan hakimiyyətinin legitimliyini müəyyən etmək hüququ gürcü xalqına deyil, Brüsselin siyasi bürokratiyasına məxsusdur; Gürcüstanı kimin idarə etməli olduğuna və hansı hakimiyyətin onun üçün məqbul sayıldığına məhz o qərar verə bilər.
Bu, demokratiyanın fundamental prinsiplərinin inkarıdır. Demokratiya xalqın suveren iradəsinə əsaslanır, Avropa Parlamenti isə, praktiki olaraq, Gürcüstan hakimiyyətinin gürcü xalqının seçimi yerinə, Avropa İttifaqının siyasi elitasının etimadı ilə müəyyən edilməli olduğunu iddia edir. Belə bir yanaşmada bərabərhüquqlu tərəfdaşlar ittifaqının deyil, feodal vasallıq məntiqi görünür ki, buna əsasən də suverenlik xalqın təbii hüququ deyil, yuxarıdan verilən imtiyazdır. Beləliklə, Avropa Parlamenti özünün son hesabatında, praktiki olaraq, özünü Rusiyanın işğalçılıq siyasəti ilə bərabər tutdu. Rusiya Gürcüstanın ölkə ərazisinin beşdə birində suverenliyini inkar etdiyi bir vaxtda, Avropa Parlamenti Gürcüstanın bütün ərazisi üzərində suverenliyini tanımaqdan imtina edir. Avropa Parlamentinin, qüvvədə olan konstitusiya və qanunvericiliyə əsasən dövlət səlahiyyəti olmayan Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilini ölkənin legitim nümayəndəsi adlandırması, xalq tərəfindən seçilmiş parlamenti, hökuməti və prezidenti isə “de-fakto hakimiyyət” elan etməsi də görünməmiş haldır. Bu cür yanaşma, parlament seçkilərində öz siyasi iradəsini ifadə edən iki milyon yüz min seçiciyə qarşı hörmətsizlikdir” – Papuaşvili bildirib.
Papuaşvilinin qeyd etdiyi kimi, Avropa Parlamentinin qətnaməsi yalnız Gürcüstanın demokratik institutlarına qarşı yönəlməyib.
“Bu, birbaşa Gürcüstan dövlətinin ikinci tarixi sütununa – Gürcüstan Pravoslav Kilsəsinə toxunur. Hesabatda kilsədən Rusiyanın dini şəbəkələri və nüfuz əməliyyatları kontekstində bəhs edilməsi, rəsmi Avropa institutu tərəfindən Gürcüstan kilsəsinə qarşı edilən ilk açıq hücumdur və milyonlarla möminin dini hisslərini təhqir edir. Bununla yanaşı, bu təhlükəli presedent belə bir təəssürat yaradır ki, digər hallarda olduğu kimi, burada da oxşar hücumlar üçün zəmin yoxlamağı ilk olaraq Avropa Parlamentinin əli ilə ediblər.
Gürcü dövlətinin suverenliyinə və gürcü kilsəsinə eyni vaxtda edilən hücum, mahiyyət etibarilə Gürcüstanın dövlətçilik ideyasına edilən hücumdur. Avropa Komissiyası və Avropa İttifaqına üzv ölkələrin hakim siyasi qüvvələri bu cür dezinformasiya və siyasi təxribata sükutla və ya dəstəklə cavab verərkən başa düşməlidirlər ki, onlar yaxalarını kənara çəkə bilməyəcəklər və məsuliyyəti hər kəsin nifrət etdiyi Avropa Parlamentinin üzərinə ata bilməyəcəklər. Buna görə də bizim üçün Avropa Komissiyasının lap əvvəldən Avropa Parlamenti tərəfindən gürcü kilsəsinə qarşı edilən bu cür kobud hücumdan uzaq durması prinsipial məsələdir” – Şalva Papuaşvili bildirib.
Parlamentin sədrinin sözlərinə əsasən, Avropa Parlamentinin son qətnaməsi bir daha təsdiqləyir ki, Avropa İttifaqının bürokratiyası Gürcüstanla dialoqu bərpa etmək üçün təsirli addımlar atmalıdır.
“Bunun üçün gürcü xalqına və Gürcüstan kilsəsinə qarşı düşmənçilik ritorikasına mütləq son qoyulmalı; Gürcüstanın demokratik yolla seçilmiş hakimiyyətinə qarşı yönəlmiş dezinformasiyaya son qoyulmalı; Gürcüstanın dövlət suverenliyi tam şəkildə tanınmalı və beynəlxalq hüququn fundamental prinsiplərinə dönmədən əməl edilməlidir. Avropa Parlamentinin bir tərəfdən Ukraynanın suverenliyinin pozulmasını pisləməsi, digər tərəfdən isə gürcü xalqının əvəzinə Gürcüstan hakimiyyətinin legitimliyi məsələsini özünün həll etməyə çalışması ikiüzlülükdür. Beynəlxalq hüququn və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinin bu cür seçici tətbiqi o deməkdir ki, Avropa Parlamenti dövlətlərin bərabərliyinə və xalqların azad iradəsinə hörmət etməkdən imtina edir, dünyanı xalqların taleyini özlərinin deyil, metropoliyaların müəyyən etdiyi dövrə qaytarır” – Şalva Papuaşvili bildirib.