Şalva Papuaşvili - Avropa İttifaqının səfiri əxlaqdan dərs demək yerinə, hər bir senti ictimailəşdirsin, bu, xüsusən də pulu radikalizmin alovlanmasına xərclənən "Avropa Demokratiya Fondu"na aiddir
Avropa İttifaqının səfiri gürcü xalqına əxlaqdan dərs demək yerinə, hər bir senti ictimailəşdirsin, bu, xüsusən də pulu radikalizmin alovlanmasına xərclənən “Avropa Demokratiya Fondu”na aiddir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.
Papuaşviliyə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ilə bağlı hava limanında baş verən insident haqda sual verilib.
“Bu, tamamilə qəbuledilməz faktdır. Bu kimi faktlara hər kəsin müvafiq cavab verməsi vacibdir. Həmçinin, bunu hər kəsin başa düşməsi vacibdir, xüsusən də bu, donorlara və Gürcüstanda nifrət, dözümsüzlük və parçalanma mühiti səpən bəzi səfirlərə aiddir. Onlar bunu maliyyələşmə hesabına edirlər. Avropa İttifaqının səfiri gürcü xalqına əxlaqdan dərs demək yerinə, mənim gözləntim o olardı ki, o, Avropa İttifaqı tərəfindən Gürcüstanda maliyyələşdirilmiş hər bir senti ictimailəşdirəcək. Bu, pulu məhz radikalizmin alovlanmasına və ekstremist qrupların maliyyələşdirilməsinə xərclənən xüsusilə “Avropa Demokratiya Fondu”na (EED) aiddir. O, bütün bunları çox gözəl bilir, Avropa İttifaqının səfiri EED-nin pullarının nəyə xərcləndiyini sent və layihələrlə bilir və bunu gürcü xalqına açıqlamır. Ona görə də kimsə əxlaqdan danışmaq istəyirsə, yaxşı olar ki, hamı özündən başlasın, gürcü xalqına EED-nin pulunun nəyə xərcləndiyini desin.
Əgər onlar cəsarət edib Gürcüstanda EED-nin maliyyəsini açıqlasalar, orada hər şeyi öyrənəcəksiniz. “Molotov kokteyli” kampaniyasının kim tərəfindən maliyyələşdirildiyini və Gürcüstanda bu nifrət mühitinin necə yaradıldığını görəcəksiniz. “Avropa Demokratiya Fondu”nun Gürcüstanda nifrət və parçalanma toxumu səpən siyasi partiyaları necə maliyyələşdirdiyini görəcəksiniz. Cavab olacaq ki, bu mühit xarici maliyyə ilə yaradılıb və ABŞ-nin bu həftələrdə ifşa etdiyi məhz budur.
Xatırladaq ki, Prezident Trampın xarici maliyyələşdirmənin dayandırılması məsələləri ilə bağlı icra sərəncamında əsas kimi yazılıb ki, bu xarici yardım ölkələrdə sabitliyi pozmaq və ahəngdar inkişafı məhdudlaşdırmaq üçün istifadə olunurdu. Kimsə düşünür ki, bu, sadəcə, Amerikanın pulu idi və biz bilmirik ki, “Avropa Demokratiya Fondu”, “Utanc”, “Molotov Kokteyli” kampaniyasını, “Droa”nı maliyyələşdirir? Dezinformasiyanı maliyyələşdirirlər? Biz bütün bunları axı bilirik. Avropa İttifaqının nümayəndəliyi bunu niyə bizdən gizlədir? Ona görə də cavab belədir – əlbətdə, bu, qəbuledilməz faktdır və belə bir faktı hamı qınamalıdır. Bu, cəmiyyəti parçalamaq üçün xaricdən maliyyələşmə və milyonların axıdılması ilə yaradılan kənardan təlqin edilən nifrət mühitidir” – Papuaşvili qeyd edib.
O bildirib ki, nifrətin səpilməsi məlum və ya naməlum fondlar hesabına maliyyələşdirilib.