Şalva Papuaşvili: ATƏT öz reputasiyasını bərpa etmək üçün özü çalışmalıdır; reputasiyasını nə qədər düzəldərsə, əməkdaşlıq da bir o qədər sıx olacaq
Şalva Papuaşvili: ATƏT öz reputasiyasını bərpa etmək üçün özü çalışmalıdır, reputasiyasını nə qədər düzəldərsə, əməkdaşlıq da bir o qədər sıx olacaq
“ATƏT-in məsuliyyətdən yayınması çox pis haldır. Parlament assambleyalarının siyasi alət kimi istifadəsinə məhz belə göz yumma münasibəti nəticəsində beynəlxalq təşkilatlar və nəticə etibarilə qaydalara əsaslanan beynəlxalq nizam pozulub”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Papuaşvilinin sözlərinə görə, Gürcüstanla bağlı qəbul edilən qətnamə ilə ATƏT gürcü xalqının gözündə öz reputasiyasına zərbə vurub.
“Onlar həmçinin ədalətsiz münasibətlərə, beynəlxalq təşkilatların siyasi alət kimi istifadəsinə göz yumdular və bu gün gəlib çatdığımız vəziyyət budur – hazırda dünyada müharibələr elə başlayır ki, heç kim nə hər hansı təşkilatdan soruşur, nə də ümumilikdə beynəlxalq hüquq əsasında hərəkət edir. Buna görə də, ilk növbədə, bu, böyük məsuliyyətsizlikdir.
Bir daha qeyd edirəm, bu qətnamə və ona verilən reaksiya ilə ATƏT gürcü xalqının gözündə öz reputasiyasına zərbə vurdu. ATƏT bu reputasiyanı bərpa etmək üçün çox iş görməlidir”, – deyə Papuaşvili bildirib.
Parlament sədri qeyd edib ki, sözügedən qətnamə beynəlxalq təşkilatların siyasi alətə çevrilməsinin nümunəsidir.
“Bu gün faktiki olaraq beynəlxalq təşkilatlar öz funksiyalarını itiriblər, müxtəlif qrupların siyasi narazılıqlarını ifadə etdiyi və daxili siyasi gündəmlərini tətbiq etdiyi platformalara çevriliblər”, – deyə o əlavə edib.
Qətnamə ilə bağlı danışan Papuaşvili bildirib ki, ATƏT özünün hazırladığı nəticəni təhrif edib.
“Seçki hesabatında bir şey yazılıb, qətnamədə isə başqa şey. ATƏT Parlament Assambleyasının bu qərarı bir daha göstərdi ki, belə böyük bir parlament assambleyası adi lobbiçi səviyyəsinə enib. Bu, dəyərlərdən uzaq olan və gürcü xalqının gözündə ATƏT-ə olan etimadı sarsıdan qətnamədir”, – deyə Şalva Papuaşvili vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan hökuməti hər kəslə əməkdaşlığa açıqdır, lakin ATƏT ilk növbədə öz reputasiyasını bərpa etməlidir.
“Biz hamıya qarşı əməkdaşlığa açıq münasibət göstəririk. Lakin onlar özlərinə zərər vururlarsa, burada bizim edə biləcəyimiz bir şey yoxdur. Onlar gürcü xalqına qarşı düşmən və qeyri-dost mövqedə olan qrupların təsiri altında olduqlarını özləri göstərirlər.
ATƏT ilk növbədə öz reputasiyasını bərpa etmək üçün çalışmalıdır. Reputasiyasını nə qədər düzəldərsə, əməkdaşlıq da bir o qədər sıx olacaq. Əgər reputasiyasına zərər vurarsa, bizim hansı marağımız var ki, xalqımıza hər vasitə ilə zərər vurmağa çalışan insanlarla və qruplarla sıx və xüsusi münasibətlərimiz olsun?” – deyə Papuaşvili bildirib.
Qeyd edək ki, ATƏT Parlament Assambleyası amerikalı konqresmen Co Uilsonun Gürcüstanla bağlı hazırladığı tənqidi qətnaməni qəbul edib. Gürcüstan nümayəndə heyəti ATƏT Parlament Assambleyasındakı səsvermədə iştirakdan imtina edib və etiraz əlaməti olaraq iclas zalını tərk edib.