Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, Şalva Papuaşvili Gürcüstanın ATƏT-in fəal üzvü olduğunu qeyd edib və ATƏT ilə əməkdaşlığı müsbət qiymətləndirib.
Feridun Sinirlioğlu, ATƏT-in Gürcüstanda sabitlik və təhlükəsizliyə böyük önəm verdiyini deyib.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər Gürcüstandakı siyasi proseslər, parlamentin qanunvericilik fəaliyyəti və payızda keçirilməsi planlaşdırılan yerli seçkilər haqda danışıblar.
“Həmçinin, görüşdə regional əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının Cənubi Qafqaz bölgəsində sülhün və rifahın təmin olunması üçün əhəmiyyəti vurğulanıb” – parlament tərəfindən yayılan məlumatda qeyd olunub.
Avstriya Respublikasında Gürcüstanın səfiri, ATƏT və Vyana şəhərində yerləşən beynəlxalq təşkilatlarda Gürcüstanın daimi nümayəndəsi Aleksandre Maisuradze və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasındakı Gürcüstan Parlamentinin nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze görüşdə iştirak ediblər.