Şalva Papuaşvili Aleksandr Vuçiç ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə görüşüb. Bu barədə məlumatı Gürcüstan Parlamenti yayır.
Parlamentin məlumatına əsasən, Şalva Papuaşvili Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.
“Şalva Papuaşvili bildirib ki, Gürcüstan və Serbiya arasındakı münasibətlər ümumi Avropa dəyərlərinə və gələcəyə dair ortaq baxışa, o cümlədən Avropa İttifaqına tamhüquqlu üzvlük məqsədinə əsaslanır. Parlamentin sədri serb tərəfinə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib və gürcü tərəfinin Serbiyanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib.
Aleksandr Vuçiç iki ölkə arasında mövcud olan möhkəm dostluq münasibətlərini qeyd edib. Onun sözlərinə əsasən, azad ticarət haqqında saziş üzərində işin uğurla başa çatdırılması, biznes nümayəndələri arasında əlaqələrin gücləndirilməsi, eləcə də turizm sahəsində əməkdaşlığın artırılması vacibdir. O, həmçinin parlament əməkdaşlığının əhəmiyyətinə də diqqət çəkib. Görüşdə Serbiya Parlamentində Gürcüstanla dostluq qrupunun yaradılması müsbət qiymətləndirilib.
Tərəflər Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun son bəyanatını müzakirə ediblər. Bu bəyanata əsasən, Avropa İttifaqının gələcək üzvlərinə mövcud üzvlərlə eyni səsvermə hüququ verilməyə bilər. Tərəflər qeyd ediblər ki, mövcud vəziyyət fonunda Avropa İttifaqına üzvlüyə namizəd ölkələr arasında münasibətlərin dərinləşdirilməsi və birgə məqsədlərin müəyyən edilməsi xüsusilə vacibdir. Aleksandr Vuçiç Şalva Papuaşvilini Serbiya Respublikasına dəvət edib.
Parlament sədrinin müavini Nino Tsilosani, parlament sədrinin müavini Sozar Subari, regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili, kənd təsərrüfatı komitəsinin sədri Qela Samxarauli, Serbiya ilə Parlament Dostluq Qrupunun sədri İrakli Mezurnişvili həmçinin görüşdə iştirak ediblər” – Gürcüstan Parlamentinin yaydığı məlumatda deyilir.